Ulu Öndər Heydər Əliyevin qurtuluş fəlsəfəsi
İxtiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
15 iyun Milli Qurtuluş Günü gələcək qələbələrimizin ilk müjdəçisi idi. Hər bir xalqın taleyində onun gələcək müqəddəratını həll edən, tarixinə köklü şəkildə təsir edən əlamətdar günlər vardır. Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan belə günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür.
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sıradan bir bayram deyil. Bu tarix böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan mustəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevdir.
Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Ulu Öndər daxili sabitliyi bərqərar etmək üçün qətiyyətli addımlar atdı, mərkəzi dövlət idarəçiliyindəki iflic vəziyyəti aradan qaldırdı, dövlət çevrilişinə cəhd edən separatçı və qiyamçı qüvvələrin fəaliyyətini daxili sabitlik qorunmaqla tamamilə dəf etdi. Ümummilli Lider 3 oktyabr 1993-cü ildə keçirilən şəffaf və demokratik seçkilərdə xalqımızın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Heydər Əliyev prezident seçildikdən sonra nəhəng dövlət quruculuğu işlərinə başladı. 20 sentyabr 1994-cü ildə Bakıda dünyanın ən nəhəng neft şirkətləri ilə imzalanan tarixi neft müqaviləsi, yəni "Əsrin müqaviləsi" ölkənin maliyyə müstəqilliyinin təmin olunmasında, sənaye profilinin yenidən qurulmasında, hərbi potensialının güclənməsində və modern milli kadr korpusunun hazırlanmasında həlledici rol oynadı, ölkəmizi beynəlxalq siyasi və iqtisadi sistemin etibarlı tərəfdaşına çevirdi.
Xarici siyasət sahəsində də Ulu Öndər Azərbaycanı regional təcriddən sürətlə xilas etdi. Həyata keçirilən balanslaşdırılmış və milli maraqlara söykənən diplomatiyanın ən parlaq nəticələrindən biri 1996-cı ilin dekabrında keçirilən ATƏT-in Lissabon sammitində qazanıldı. Heydər Əliyevin yüksək diplomatik məharəti və qətiyyəti sayəsində sammitdə iştirak edən 53 dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyan tarixi sənədi dəstəklədi. Bu, gələcək qələbələrimizin hüquqi təməllərindən biri idi.
Azərbaycanın bugünkü möhtəşəm qlobal uğurlarına, beynəlxalq münasibətlər sistemindəki sarsılmaz yerinə və qazandığı tarixi qələbələrə nəzər saldıqda, bütün bu nailiyyətlərin təməlində birbaşa Ümummilli Liderin uzaqgörən strateji irsinin dayandığını aydın şəkildə görürük. 1993-cü ilin iyununda başlayan bu yol bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib, güclü və müasir Azərbaycanın uğur salnaməsinə çevrilib. Məhz taleyüklü zamanlarda verilmiş uzaqgörən qərarlar bu günün zəfərlərinin başlanğıcı oldu.
Ümummilli Lider Heydər Əliyevin siyasi və strateji kursu Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq keyfiyyətcə yeni zirvələr fəth edir.
2003-cü ildən bu günədək keçən dövr aydın şəkildə göstərdi ki, Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində xalqa verdiyi vədlərin hamısını yerinə yetirdi, dövlət proqramlarını və genişmiqyaslı kompleks islahatları uğurla icra etdi. Həyata keçirilən çoxtərəfli, balanslaşdırılmış, milli maraqlara və beynəlxalq hüquqi prinsiplərə əsaslanan diplomatiya sayəsində Cənubi Qafqaz regionunda reallaşan bütün qlobal layihələrdə Bakının mövqeyi mütləq nəzərə alınır.
44 günlük qələbənin qazanılmasında əsas yükü Ulu Öndər Heydər Əliyevin ideoloji xətti ilə yetişən, müstəqillik dövründə böyüyən, milli ruhda tərbiyə almış vətənpərvər gənc nəsil öz çiyinlərində daşıdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərqərar oldu, Xankəndidə, Xocalıda şanlı bayrağımız ucaldıldı.
Bununla da qurtuluş fəlsəfəsinin dövlətçilik xətti özünün ən zirvə, ən mükəmməl nöqtəsinə çatdı. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin adı və rəhbərlik fəlsəfəsi doğma vətənimizlə birlikdə əbədiyyət rəmzinə çevrilib.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Onun yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti ölkəmizi sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan gələcəkdə də dünyanın ən güclü dövlətlərindən biri kimi tanınacaqdır.
Uca Allah Ulu Öndər Heydər Əliyevin ruhunu şad etsin.