Ulu Öndərin öz ana dilinə sevgisi, onun qorunması  və zənginləşməsi ilə bağlı gördüyü işlər hər bir soydaşımız üçün örnəkdir

Ulu Öndərin öz ana dilinə sevgisi, onun qorunması  və zənginləşməsi ilə bağlı gördüyü işlər hər bir soydaşımız üçün  örnəkdir

Mahirə Babayeva    

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 65 nömrəli tam orta məktəbin əməkdaşı

Dil millətin varlığının əsas  göstəricisidir. Azərbaycan dili qədim tarixli dillərdəndir, uzun inkişaf yolu keçib. Dilimiz xalqımızın fikir və hissiyyatının ən incə çalarlarını ifadə etməyə qadirdir. Dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, xalqın sərvətidir. Xalqımızın əsrlər boyu çəkdiyi əzab-əziyyətlər, ona edilən təzyiqlər dilimizdən də yan keçməmişdir. Bütün təzyiqlərə, hücumlara  baxmayaraq  xalqımız  dilimizin saflığını, şirinliyini qoruyub saxlamış, bugünkü nəslə ərmağan etmişdir. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı ümumişlək dilə, dövlətin dilinə  çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavəsitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.   Ulu Öndər Heydər Əliyein öz ana dilinə sevgisi, onun qorunması  və zənginləşməsi ilə bağlı gördüyü işlər hər bir soydaşımız üçün əbədi bir örnəkdir.                       

Azərbaycan dili  öz zənginliyi  ilə seçilir. Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki  inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının  güzgüsüdür.

Daşıyıcı rolu oynayan işarə və yazı nümunələri tarixi inkişafımızın önəmli faktları sırasında yer almışdır. Qobustan qayalarındakı şəkil və rəmzlər, əski türk əlifbası, ərəb, latın,  kiril qrafikalı əlifbalar əcdadlarımızın düşüncə və danışıqlarını gələcəyə ötürmüş, tarixə silinməz möhür basmışdır. Minilliklər əvvəl insanın mağaralardan çıxaraq yavaş-yavaş inkişaf edib bugünkü mədəniyyət zirvələrinə gəlib çatmasında dilin rolu böyükdür. Azərbaycan dili fikrin və hissiyatın ən incə çalarlarını ifadə etməyə qadirdir. Dilimiz  bütün vətəndaşlarını  yalnız istifadə etdiyi bir xəzinə ,həmdə zənginləşdirməli bir xəzinədir. Dilimizin Nəsimi, Füzuli, Xətai, Vaqif, Zakir, Sabir, Cabbarlı, Səməd Vurğun kimi söz ustadları var. O, zəngin obrazlı, ahəngdar, ifadəli dildir.             

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. Doğma  Ana dilimiz  olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Dilimizi yaşatmaq milli ruhumuzu yaşatmaqdır.  

Möhtərəm Prezident İlham Əliyev çıxışlarında dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açaraq söylədiyi fikirlər hər birimiz üçün önəmlidir. “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz –Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq.  Bu məsələyə cox ciddi diqqət göstərilməlidir.”                   

Dövlət dilimiz, ana dilimiz, Azərbaycan dilimiz dünyanın ən şirin, ən mükəmməl, ən zəngin, ən poetik dillərindəndir. Milli sərvətimiz olan Azərbaycan dilimizdə danışmaqdan fərəh duyaq, onu yayaq, təbliğ edək. Doğma Vətənimiz, doğma dilimiz var. Ana Vətənimizi, ana dilimizi eyni səviyyədə sevək və qoruyaq.