Ulu Öndər Heydər Əliyevin kəlamları hər birimiz üçün milli qürur rəmzinə çevrilib

Ulu Öndər Heydər Əliyevin kəlamları hər birimiz üçün milli qürur rəmzinə çevrilib

Elvina Əhmədova 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini 

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru

Tarixən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaq anında məsuliyyəti çiyinlərinə götürmüş qətiyyətli liderlərinin sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmişlər. Belə şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlət və xalq naminə qəbul etdiyi qərarların strateji əhəmiyyətini bu günün özündə də duyur, gündəlik həyatımızda, taleyimizdə aydın hiss edirik.

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz aşağı düşürdü. Bu acı gerçəkliklər fonunda Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyilə Naxçıvandan Bakıya qayıtması onun, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın xaosdan qurtulması, davamlı inkişaf yoluna qədəm qoyması kimi xarakterizə olunur.

Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə prinsipinə əsaslanır.

Həmin illərdə planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid şəraitində Ümummilli Liderin ölkənin böyük perspektivlərinə hesablanmış strateji inkişaf proqramının başlıca məqsədlərindən biri də xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olmuşdur.

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir. Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.

Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir

Ümumilikdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni iqtisadi şəraitə uyğun olaraq ölkədə formalaşmaqda olan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsinə, layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi.

Əminliklə deyə bilərik ki, məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin inamla davam etdirilməsi üzləşdiyimiz ədalətsiz münaqişənin 2020-ci ildə güc yolu ilə Azərbaycanın maraqlarına uyğun həllinə gətirib çıxarmışdır. 2003-cü ildən bu yolda addım-addım irəliləyən Prezident İlham Əliyev Azərbaycan xalqını illərdir həsrətində olduğu Qələbə sevincinə qovuşdurmuşdur.