Ulu Öndər Heydər Əliyev 1991-ci il avqustun 30 tarixində Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir
Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Hövsan bələdiyyəsinin sədri
1993-cü ildə Azərbaycan xaosa sürükləndiyi, parçalanma, yox olma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımız milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün ümummilli liderimizi Naxçıvandan Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı xalqımızın çoxəsrlik tarixinə mötəbər hadisə kimi daxil oldu. Ümummilli lider qısa müddətdə ölkədə baş qaldırmış vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın qarşısını aldı, qanunun aliliyi təmin olunaraq demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, mühüm iqtisadi layihələr reallaşdırıldı, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmləndi, bütün sahələrdə böyük uğurlar qazanıldı.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT nizamnaməsində, digər beynəlxalq hüquqi fakt və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq sueətdə tanınması üçün dünya dövlətlərinə çağrış da yer almışdı.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabr ayında Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi.
Hər kəs mənsub olduğu dövlətin bayrağı ilə qürur duymalıdır. Çünki bayraq ucalıq, heyiyyət, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikasının Konstitusiya Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir. Müqəddəs and yerimiz olan üçrəngli bayrağımız həm də dövlətimizin, bütövlükdə xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
Bu gün Heydər Əliyev siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, azadlıq və müstəqilliyimiz daimi və əbədi olmuş, ölkəmizin nüfuzu daha da artmışdır. Parlaq qələbəmizlə bitən 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli ideyalarımızın önündə gəlir.