Mayın 5-də Zığ qəsəbəsi, N saylı hərbi hissədə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
N saylı hərbi hissənin təşkilatçılığı ilə keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Hərbi Hava Qüvvələrinin Şəxsi Heyyət İdarəsinin rəisi Elşad Pənahov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri iştirak ediblər.
Tədbiri açıq elan edən əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani iştirakçıları salamlayaraq xalqımızın və Azərbaycan Ordusunun şəxsi heyətinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin yaratdığı böyük Qələbə əhvali-ruhiyyəsi ilə qarşıladığını qeyd edib.
İlk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Daha sonra Hərbi Hava Qüvvələrinin Şəxsi Heyyət İdarəsinin rəisi Elşad Pənahov çıxış edərək Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, Azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında bildirib ki, Ulu Öndərin 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan böyük quruculuq və yaradıcılıq mərhələsinə, həyatın bütün sahələrində sürətli inkişaf və tərəqqi yoluna qədəm qoyub. O, qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcəyini və bugünkü müstəqilliyini hər şeydən üstün tuturdu.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyasının fəallarından olan Musa Musayev, polkovnik leytenant Elnur Məmmədov çıxış edərək Ulu Öndərin ölkəmizdə həyata keçirdiyi məqsədyönlü tədbirlər barədə məlumat veriblər.
Sonra Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evinin konsert qrupunun təqdimatında bədii hissə nümayiş olunub.