Leyli Rüstəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən
Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır.
Şuşa Bəyannaməsində ticarət-iqtisadi münasibətlərə gəlincə, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsi çox əhəmiyyətli hesab edilir. Bu layihənin həyata keçirilməsi ilə çox böyük əhəmiyyət kəsb edən Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır.
Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
Şuşa Bəyannaməsini şərh edən Prezident İlham Əliyev yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsindən bir əsr sonra qəhrəmanlıqla azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə sənədi Azərbaycanla Türkiyənin gələcək iş birliyinin istiqamətini göstərdiyini vurğuladı. Vətən müharibəsində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə mənəvi baxımdan ölkəmizin yanında olan Türkiyə işğaldan sonra da azad olunmuş ərazilərdə düşmənin amansızlıqla məhv etdiyi tarixi torpaqlarımızda aparılan yenidənqurma işlərində bizimlə bərabər fəal iştirak edir, çiyin-çiyinə yeni kəndlər, şəhərlər salır. Yaxud Türkiyənin zəlzələ bölgəsində azərbaycanlı inşaatçılar yeni və müasir evlərin tikintisinə töhfələrini verirlər. Qardaşlıq, arxalıq və onun yaratdığı xoşbəxtlik də elə budur.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə ən yüksək ittifaq nümunəsi olmaqla yanaşı, həm də bölgənin barış və inkişaf içində yaşamasını şərtləndirən ən mühüm amildir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan münasibətləri bütün güclərin bu iki şəxsiyyətin liderlik qüdrətini qəbul etməsinə kömək edib. Bir sözlə, Azərbaycan-Türkiyə ittifaqı bu gün tək regionun deyil, dünyanın sülh və əmin-amanlıq ünvanıdır.