Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi
Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır.
Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır.
20 sentyabr 1994-cü ildə imzalanan və Azərbaycanın dünyaya inteqrasiyasının əsasını qoyan “Əsrin müqaviləsi”ndən sonra ölkəmizdə iğtişaşlar yaratmaq istəyənlər xarici qüvvələrin dəstəyi ilə fəallaşdılar. Ölkəmizin həm xaricdə, həm də daxildə olan düşmənləri yaxşı dərk edirdilər ki, bu müqavilə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi üçün ən mühüm addımlardan biridir. Hətta həmin ilin oktyabrın 4-də dövlətimizə qarşı silahlı dövlət çevrilişinədə cəhd edildi. Bunu ölkəmizin müstəqilliyi əleyhinə yönəlmiş cəhdlərin yeni bir dalğası kimi xarakterizə edən ulu öndər Heydər Əliyev həmişə olduğu kimi, bu cəhdin qarşısını almaq məqsədilə xalqın köməyinə arxalandı. Hər zaman olduğu kimi “Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq” birliyi səsləndi. Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi.
Ulu Öndər Heydər Əliyevin həyatı da, fəaliyyəti də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin ağır vəziyyətdən qalxmasına həsr olunmuşdu. Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, dövlət başçısı ulu öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir.
Təkbaşına dünyanın anti-Azərbaycan qüvvələrinə duruş gətirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri 44 günlük müharibədə böyük hərbi uğurlara imza atdı. Hər qarışı tarixi Azərbaycan torpaqları Azərbaycan Ordusu tərəfindən azad edildi, Vətən tarixinə, dünyanın hərb tarixinə yeni səhifə açıldı. 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası tarixi qələbə qazandı.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söylədiyi kimi: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik”. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq.
İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir.
Yaşasın Ali Baş Komandan, Yaşasın Müzəffər Azərbaycan Ordusu!