Ümummilli Lider Ana dilimizi özümüzə qaytarmışdır

Ümummilli Lider Ana dilimizi özümüzə qaytarmışdır

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Dil hər bir millətin kimliyinin əsasıdır.  Ana dili milli sərvətimizdir, xalqın varlığının təsdiqidir. Ədəbi dilin tərəqqisi olmadan milli-mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.

Ana dilimiz müxtəlif dövrlərdə çətinliklərlə üzləşmişdir. Sovet İttifaqı vaxtında uzun illər dilimizdən sərbəst istifadə edilməmişdir. Yazıçılarımıza Ana dilində yaradıcıllıqlarını inkişaf etdirməyə imkan verilməmişdir. Ölkəmizdə keçirilən tədbirlərimizdə belə ana dilimizdən sərbəst şəkildə istifadəyə icazə verilməmişdir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının tərəqqi və inkişaf dövrü başlatmışdır. Bununla da təkcə dil baxımından deyil, ölkədəki sabitliyi qorumaq, hərc-mərcliyə son qoymaq, ölkənin inkişafını düzgün istiqamətləndirmək sahəsində irəliləyişlər başlamışdır.

Xalq Heydər Əliyevi xilaskarı kimi görmüş, onun ətrafında sıx birləşməyə başlamışdır. Azərbaycan dilinin inkişafında, qorunub-saxlanılmasında, gənc nəsillərə ötürülməsində Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Dahi şəxsiyyətin güclü iradəsi və səyləri sayəsində ana dilimiz özümüzə qayıtmışdır.

Ulu Öndərin Ana dilini sevməsi onun Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsində, ana dilimizdə çap edilən kitabların çoxaldılmasında  öz əksini tapmışdır.  “Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili sevirəm”. Bu kəlamdan Ulu Öndər Heydər Əliyevin öz ana dilinə necə dəyər verdiyini və sevdiyini aydın bilmək olar.

 “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın, bunu aradan qaldırın”.

Ulu Öndər gənclərin inkişafi üçün çox dil bilməklərinin tərəfdarı olmuşdur. O, Azərbaycan gəncliyini savadlı, dünyagörüşlü görməyi arzu edirdi. Amma nə qədər müxtəlif dilləri mənimsənilsə də öz dilimizin dərinklərini, norma və üslublarını unutmamağa çağırırdı.

Biz Azərbaycan vətəndaşı olaraq öz ana dilimizi təkcə ölkəmizdə yox, dünyanın digər ölkələrində, yad millətlərin əhatəsində yaşayan azərbaycanlılar arasında da qoruyub saxlamalıyıq. Bunu biz özümüzə mənəvi borc bilməliyik. Bunun üçün Ulu Öndərin şəxsi tapşırığı ilə vəzifəsindən və peşəsindən asılı olmayaraq hamı böyük dövlət əhəmiyyətli bu mühüm məsələdən kənarda qalmamalı, onun uğurlu həlli üçün bütün bilik və bacarığını sərf etməlidir.