Üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir
Təhminə Adıgözəlova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
6 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının həkimi
Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ilin 10 noyabr tarixində son qoydu. Həmin tarixdə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifin puç olduğunu bütün dünyaya göstərdi, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. II Qarabağ savaşının gedişində dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri həmrəylik nümayiş etdirərək, Vətən bildikləri torpaq uğrunda cəsarətlə düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.
10 noyabr 2020-ci il Üç dövlət başçısının imzaladığı bəyanat 30 ildən çox davam edən münaqişənin aradan qaldırılması istiqamətində atılan mühüm addım oldu. İmzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlər regionun gələcəyinə dair Prezident İlham Əliyev konsepsiyasının üstünlüyünü və həyatiliyini göstərməklə yanaşı, həmçinin bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğurudur. Ən əsası isə, bu bəyanat regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək, “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi “Zəngəzur dəhlizi”nin açılması olacaq ki, bu da, ilk növbədə, Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək.
Üçtərəfli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda da bir məqamı xüsusi vurğulayaraq demişdir: "Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq".
Həmçinin, üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.
Bir sözlə, Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.
Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.
Bir sözlə, 10 noyabr, 2020-ci il tarixdə imzalanan üçtərəfli Bəyanat Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənablarının dediyi kimi, Şuşasız bizim işimiz yarımçıq olar: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".
10 noyabrda Qarabağımız tam Azəzərbaycanın oldu. Ali Baş Komandan, Prezidenti İlham Əliyevin dediyi kimi: "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!