Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir
Təranə Hüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri
2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Prezident İlham Əliyev Türk dünyası ölkələrinin birliyinin və qarşılıqlı əməkdaşlığının əhəmiyyətindən bəhs etdi. Öz çıxışında Türk Dövlətləri Təşkilatının nailiyyətlərini, gələcək planları və Azərbaycanın bu təşkilata dəstəyini vurğulayan Prezident, region ölkələrinin birgə addımlarla daha güclü olacağını bildirdi. Cənab İlham Əliyevin çıxışında xüsusilə iki xalqın yaxın münasibətlərini daha da gücləndirəcək layihələrə, həmçinin beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlığın genişləndirilməsinə dair çağırışlar diqqət çəkdi.
İlk olaraq, İlham Əliyevin Qırğızıstana üçüncü səfərini etdiyini və bu ölkədə əldə olunan nailiyyətləri təbrik etməsini eşitmək, bir müəllim olaraq, gənclərə dostluq və əməkdaşlığın əhəmiyyətini aşılayan bir nümunədir. Həmçinin, Naxçıvan Sazişinin 15-ci ildönümünün qeyd edilməsi və Şuşa şəhərində qəbul edilən Qarabağ Bəyannaməsi barədə danışması da türk dövlətlərinin birliyini daha da gücləndirəcək addımlardır. Bu əməkdaşlıq bizim gücümüzü göstərir və gələcəkdə daha çox layihələrin həyata keçəcəyini vəd edir.
Prezidentin Azərbaycan tərəfindən Türk Dövlətləri Təşkilatına göstərilən maddi dəstəyi, eləcə də təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq planlarını açıqlaması məni bir azərbaycanlı olaraq həm də fəxr etdirir. Öz ordularımızın qarşılıqlı təlimlər keçməsi, hərbi təhsildə əlaqələrin möhkəmləndirilməsi həm bizim, həm də gələcək nəsillərin təhlükəsizliyini təmin etmək üçün çox vacibdir.
İşğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması və oraya köçkünlərimizin qayıdışı da Prezidentimizin vurğuladığı əsas məsələlərdən idi. Bu, mənə elə böyük ruh yüksəkliyi verir ki, məcburi köçkün şagirdlərimə bu prosesin necə sürətlə getdiyini və onların öz doğma yurdlarına qayıtmaq şanslarının daha yaxın olduğunu izah edə bilirəm.
Nəhayət, Prezident İlham Əliyevin Azərbaycanın iqlim konfransına ev sahibliyi edəcəyini qeyd etməsi və dünya ölkələrinin bu təşəbbüsə dəstək verməsi göstərir ki, ölkəmiz beynəlxalq aləmdə layiqli bir yer tutur. Bütün bu məsələlər müəllimlərə daha çox məsuliyyət verir ki, gənclərimizə, şagirdlərimizə bu uğurların dəyərini çatdırsın və onları vətənimiz üçün layiqli vətəndaşlar olaraq yetişdirsin.