Səfərin elm və təhsil sahəsinə müsbət təsiri
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətlərinin ən mühüm istiqamətlərindən biri təhsil və elm sahəsində əməkdaşlıqdır. İki qardaş ölkə gələcəyə birgə baxaraq gənc nəslin təhsilinə və elmi potensialın inkişafına xüsusi diqqət yetir. Çünki xalqlarımızın davamlı inkişafı və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması bilik və texnologiyadan, yüksəkixtisaslı kadr hazırlığından birbaşa asılıdır.
Son illərdə bu sahədə əməkdaşlıq institusional əsaslar üzərində qurularaq keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Ali Dövlətlərarası Şuranın iclaslarında və Hökumətlərarası Komissiyanın iclaslarında təhsil və elm məsələləri daim prioritet kimi müzakirə olunur, konkret birgə proqramlar təsdiqlənir.Azərbaycan və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında ikitərəfli müqavilələr imzalanmışdır.
Tələbə və müəllim mübadiləsi, birgə tədris proqramlarının həyata keçirilməsi, magistr və doktorantura səviyyəsində birgə dissertasiyaların müdafiəsi təhsil əlaqələrinin əsas istiqamətlərini təşkil edir. Xüsusilə qeyd etmək lazımdır ki, Özbəkistan Milli Pedaqoji Universitetinin dahi şairimiz Nizami Gəncəvinin adını daşıması iki xalq arasında mənəvi və elmi körpünün bariz nümunəsidir. Elm sahəsində əməkdaşlıq da intensiv xarakter alır. İki ölkənin Elmlər Akademiyaları arasında imzalanmış müqavilələr çərçivəsində tarix, ədəbiyyat, dilçilik, arxeologiya, energetika və innovativ texnologiyalar sahəsində birgə tədqiqatlar aparılır.
Mütəmadi olaraq Bakı və Daşkənddə beynəlxalq elmi konfranslar, simpoziumlar və gənc alimlərin forumları təşkil olunur. Bu tədbirlər alimlərimiz arasında fikir mübadiləsini genişləndirir və birgə layihələrin təşviqinə şərait yaradır.Təhsil və elm sahəsində əməkdaşlığın mühüm istiqamətlərindən biri də peşə təhsili və texniki kadr hazırlığıdır. İqtisadiyyatın sənaye, kənd təsərrüfatı, energetika, informasiya texnologiyaları və turizm sahələrində ixtisaslı mütəxəssislərə olan tələbat nəzərə alınaraq, iki ölkənin peşə məktəbləri və texniki kollecləri arasında təcrübə mübadiləsi həyata keçirilir. Eyni zamanda Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində “Türk Universitetlər Birliyi” və “Türk Akademiyası” layihələrində fəal iştirak edir.
Bu platformalar vasitəsilə türk dünyasının ortaq elmi və təhsil məkanının formalaşdırılması məqsədi daşıyır.Azərbaycan və Özbəkistanın dövlət başçıları təhsil və elm sahəsində əməkdaşlığı gələcək nəsillərə yatırılan ən vacib investisiya kimi qiymətləndirirlər. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər iki xalq arasında qardaşlıq bağlarını daha da möhkəmləndirəcək, müttəfiqlik münasibətlərinin gələcəkdə də davamlı olmasını təmin edəcəkdir.