Şuşa Qlobal Media Forumunda səslənmiş region üçün vacib ismarıclar
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, politoloq
Geosiyasi gündəlik yalnız 30 il təcavüzkar Ermənistanın xeyrinə işlədi. Azərbaycan müharibədə məğlub tərəf olduğu üçün bizi bununla barışmağa sövq edirdilər. Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında qeyd etdi ki, işğal dövründə ona görə Ermənistana sanksiya tətbiq olunmadı ki, geosiyasi gündəlik fərqli idi.
Mən işğal dövründə dəfələrlə ictimaiyyət və beynəlxalq təşkilatlar qarşısında Ermənistana qarşı sanksiyaların tətbiq olunmasının vacibliyini bildirmişəm və bu da, sözsüz ki, beynəlxalq təşkilatların bəyannamələrinə və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının, həmçinin Avropa Şurası Parlament Assambleyasının qərarları, hətta Avropa Parlamentinin, - baxmayaraq ki, hazırda kifayət qədər ermənipərəst mövqedədir, onun da qəbul etdiyi qətnamə var idi ki, reallığı əks etdirirdi, - lakin bu sanksiyalar baş vermədi, bunlar Ermənistana qarşı tətbiq olunmadı. Çünki geosiyasi gündəlik tamamilə fərqli idi. Bu gün “Qarabağ Azərbaycandır!” deyən beynəlxalq aktorlar heç vaxt bu ifadəni dilə gətirmirdilər. Postsovet məkanındakı digər münaqişələrlə bağlı belə ifadələr istifadə olunurdu. Azərbaycana gəldikdə isə deyirdilər ki, razılığa gəlməlisiniz. Deyirdilər ki, öz müqəddəratını təyinetmə və ərazi bütövlüyünü inteqrasiya etməlisiniz.
Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olundu: “Qarabağ münaqişəsi daim BMT Təhlükəsizlik Şurasının diqqət mərkəzində olub. Münaqişəyə dair Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, TŞ sədrinin 7 bəyanatında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təsdiq edilib. Ərazilərin güc yolu ilə ələ keçirilməsinin yolverilməzliyi qeyd edilib. Bütün işğal olunmuş ərazilərdən erməmi silahlı birləşmələrinin çıxarılması öz əksini tapıb. Ancaq məlum olduğu kimi, 28 il ərzində Erənistan BMT qətnamələrini icra etməkdən imtina etdi. Ancaq buna baxmayaraq, Ermənistana qarşı hansısa sanksiya tətbiq olunmadı. O cümlədən, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin qərarları yerinə yetirilmədi. Ona görə bunu etmədilər ki, məsələyə ikili standartlardan yanaşdılar. Azərbaycan müharibədə məğlub olan tərəf olduğu üçün bizi bununla barışmağa sövq edirdilər.
Ermənistana qarşı sanksiyaların qəbul olunmaması əsasən bununla bağlı idi. Düşünürdülər ki, gec-tez Azərbaycan bununla barışacaq. Hesab edirdilər ki, Azərbaycan bu gedişlə geosiyasi reallıqları dəyişə bilməyəcək. ATƏT-in Minsk Qrupunun fəaliyyəti ona yönəlmişdi ki, biz taleyimizlə barışaq. Hər vasitə ilə çalışırdılar ki, ermənilərin öz müqəddəratını təyinetmə ilə ərazi bütövlüyünü inteqrasiya edək. Bu isə mümkün deyildi. Bütün bu məsələlərdə Ermənistanı himayə edən dövlətlərin, erməni lobbisinin rolu böyükdür. Üstəlik, BMT-nin böyük dövlətlər arasında gedən geosiyasi mübarizənin mərkəzinə çevrilməsi də, bu təşkilatın beynəlxalq nüfuzunu aşağı saldı. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq BMT qətnamələrini özü icra etdi. Nəticədə status-kvonu kökündən dəyişdi.