Siyasi dialoqla bağlı dövlətin təqdirəlayiq təşəbbüsləri

Siyasi dialoqla bağlı dövlətin təqdirəlayiq təşəbbüsləri
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru
Demokratik idarəetmə sisteminin formalaşması üçün hakim mövqedə qərar tutan iqtidarın fikirlərinə və qərarlarına fərqli, alternativ yanaşma nümayiş etdirən müxalifətin mövcudluğu təbii və labüddür. Ölkənin siyasi sisteminin inkişaf etməsi, dayanıqlılığının artması baxımından iqtidar qədər müxalifətin də üzərinə düşən məsuliyyətlər var ki, bu məsuliyyətin öhdəsindən gələ bilmək üçün hər iki tərəfdə mühakimə qabiliyyəti, vətənpərvərlik duyğusu və yüksək siyasi mədəniyyətin olması vacibdir. Mühakimə bacarığı ölkənin siyasi-iqtisadi, sosial vəziyyətinin dəyərləndirilməsi və mövcud resursların səmərəli istismarı fonunda iqtisadi inkişafın təmin olunması ilə bərabər bütün bunları həyata keçirərkən xarici siyasəti və dünya gündəmini nəzərə almağı tələb edən bir qabiliyyətdir. Vətənpərvərlik məsələsi isə bütün qərarların verilməsi zamanı nəzərə alınması vacib olan ən əhəmiyyətli məqamlardan biri kimi dövlətçiliyin varlığı və inkişafı üçün lazım olan həssas mövzularda ortaq mövqedən çıxış etməyi bacarmağın əsas şərtidir.
Bu gün Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən Qarabağ məsələsində fərqli mövqe nümayiş etdirmək xalqın nəzərində müxalif fikir kimi yox məhz xəyanət kimi bir təəssürat formalaşdırır. Bu kimi ümummilli məsələlərdə düşünülmüş addım atmaq iqtidar qədər müxalifətin də vəzifəsi və borcudur. Ümumi inkişafa və rifaha istiqamətlənmiş irad və təkliflər isə sivil və demokratik cəmiyyətin göstəricisi hesab olunur. Yəni inkişafın təmin olunması üçün müxalifətin varlığı vacibiyyət təşkil edir. Bir ölkənin siyasi sistemi iqtidar və müxalifətin sağlam rəqabəti və siyasi dialoqu şəraitində fəaliyyət göstərməyi bacarırsa bu həmin dövlətin daxili siyasətdə sabitliyi, xarici siyasətdə isə möhkəm iradəni təmin etməsinə imkan verir. Siyasi dialoq iqtidarı daha səmərəli və müsbətyönümlü fəaliyyətə istiqamətləndirdiyi kimi müxalifəti də emosional küçə ritorikasından və birmənalı dağıdıcı mövqeyindən uzaqlaşdıraraq ümumi işin nəticəsinə kökləməyə xidmət edir.
Məsələyə bu nöqteyi nəzərdən yanaşan istənilən tərəfdə yeni qəbul olunmuş “Siyasi partiyalar haqqında” Qanun müsbət münasibət yaratmalıdır. Siyasi qüvvələrin mövqe və iradələrini ortaya qoymaq üçün müxtəlif partiyalarda birləşdiyini nəzərə alsaq sözügedən Qanunun ən çox həmin partiyalar tərəfindən təqdir olunması gərəkdir. “Siyasi partiyalar haqqında” Qanunun qəbul olunmasına qədər olan mərhələnin gedişatına nəzər salanda görürük ki, Qanun geniş və əhatəli müzakirələr fonunda ilkin variantın təkmilləşməsi prosesinin nəticəsi kimi ərsəyə gəlmişdir. Belə ki, təkliflərin təqdim olunması üçün ilk növbədə Milli Məclis tərəfindən siyasi partiyalara müraciət olunmuş, komitə iclasına çıxarılmazdan əvvəl rəy və təkliflərin bildirilməsi üçün Qanun layihəsi Milli Məclisin saytında yerləşdirilmişdir.
İctimai rəy sorğusunun keçirilməsi də Qanun layihəsinin daha səmərəli şəkildə qəbul olunmasına xidmət etmişdir. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş 2 ictimai dinləmə də layihənin təkmilləşdirilməsinə təkan vermişdir. Sadalananlar demokratik ənənələrin dərinləşməsi baxımından böyük əhəmiyyət kəsb etməklə bərabər həm də iqtidarın siyasi dialoqa və şəffaf münasibətə açıq olmasının göstəricisidir. Siyasi partiyalar arasında balansın təmin olunmasına marağın göstərilməsinin ədalətli tarazlıq mövqeyindən irəli gəlməsi eyni zamanda inkişafda durğunluq dövrünü yaşayan, bununla bağlı iradə zəifliyinə düçar olan və son nəticədə xarici qüvvələrin təsiri altına düşərək milli mövqedən uzaqlaşan qüvvələrin vətənimiz üçün daha faydalı fəaliyyətə təşviqinə yol açan inkişafmeyilli çalışmalar gerçəkləşdirə bilməsinə də şərait yaratmaq məqsədini güdür.
Azərbaycanın iqtisadi gücünün artması və siyasi iradəsinin güclənməsi fonunda düşmən mövqedə dayanan xarici güclərin narahatlığının təzahürünü ölkəmizdə mövcud olan radikal siyasi partiyaların yanaşmasında görmək həmin qüvvələrə müxalifətin siyasi sistemdəki əsl rolunu xatırlatmaq ehtiyacı yaradır. İqtidarı ölkənin inkişafına, sosial rifahın artırılmasına təşviq etmək missiyasını bir tərəfə atıb xarici qüvvələrin manipulyasiya alətinə çevrilmək heç bir halda qəbul edilə bilməz. Bütün bunların qarşısının alınması üçün kifayət qədər müzakirə olunmuş və ən təkmil şəkli ilə qəbul olunmuş “Siyasi partiyalar haqqında” Qanun uğurlu addım hesab oluna bilər. Siyasi dialoq mühitinin formalaşması sağlam əməkdaşlığın əsası olmaqla yanaşı onu inkar edənlərin də əsl məqsədini ifadə etmələrinə imkan yaradır. Lakin nə həmin qüvvələrin mövcudluğu nə də radikal, hay-küyçü və təxribatçı mövqeyi demokratik dəyərlərə yüksək önəm verən Azərbaycanı tutduğu inkişaf yolundan sarpdıra bilməyəcək.