Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru
Ümumiyyətlə ölkəmizdə ilk elektrik stansiyasının təməli XX əsrin əvvəllərində atılmışdır. Sürətlə inkişaf edən sənayenin təlabatını ödəmək üçün sonrakı illərdə də elektrik enerjisi sahəsi daim diqqət mərkəzində olmuşdur. Sovet dövrünün hələ ilk dövrlərində bir neçə elektrik stansiyaları istifadəyə verilmişdir. İkinci Dünya Müharibəsindən sonra isə, daha dəqiqi 1954-cü ildə Mingəçevirdə Cənubi Qafqazın ən iri SES-i istifadəyə verilmişdir.
1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsi bütün sahələrdə olduğu kimi, yeni elektrik stansiyalarının da tikintisini sürətləndirdi. Tərtərdə, Şəmkirdə yeni SES-lər istifadəyə verildi. 1976-cı ildə Mingəçevirdə istilik elektrik stansiyasının təməli qoyuldu ki, onun da ilk bloku 1981-ci ildə elə Ulu Öndərin iştirakı ilə istifadəyə verildi.
Müstəqilliyimizin ilk illərində əksər sahələrdə olduğu kimi, elektrik istehsalı da böhran vəziyyətində idi. Elektrik enerjisinin fasilələrlə verilməsi hərbirimizin xatirindədir. Buna baxmayaraq ölkəmizin enerji mərkəzi olan Mingəçevir elektrik stansiyası ağır yükü bacardığı qədər öz üzərində götürmüşdür.
2003-cü ildə İlham Əliyevin prezident seçilməsi bu sektorda inqilabi dəyişikliklərə gətirib çıxardı. Cənab Prezident İlham Əliyev öz çıxışında bildirmişdir ki, onun ardıcıl və qətiyyətli siyasəti, göstərişləri əsasında son 20 ildə 34 elektrik stansiyası istifadəyə verilib. Məhz onun göstərişi ilə Mingəçevir elektrik stansiyasında 2018-ci ildə əsaslı bərpa işlərinin görülməsi nəticəsində artıq 2020-ci ildə stansiya tam gücünü bərpa etmişdir. Vətən Müharibəsi dövründə də Mingəçevir Elektrik stansiyası diqqət mərkəzində olmuşdur. Cənab Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, ermənilər stansiyanı vurmaq üçün bir neçə dəfə cəhd etsələr də nəticəsiz qalmışdır. Bizim hava qüvvələrimiz onların atdığı raketləri zərərsizləşdirmişdir. Ümumiyyətlə cənab Prezident enerji layihələrinə böyük diqqət ayırır. Heç təsadüfi deyil ki, işğaldan azad edilən ərazilərdə ilk istifadəyə verilən obyekt Laçında Güləbird stansiyası olmuşdur. 2 il ərzində Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında irili-xırdalı 20 stansiya istifadəyə verilmişdir.
13 fevral 2023-cü ildə Gülüstan sarayında təməli qoyulan Mingəçevirdə yeni elektrik stansiyasının gücü təxminən 1300 Megavat olacaqdır. Stansiya xarici şirkətlərlə, daha dəqiq desək İtaliya və Çin şirkətləri ilə birlikdə inşa ediləcək. Qeyd edək ki, hər iki ölkənin şirkətləri, xüsusilə də İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpasında yaxından iştirak edirlər. Mingəçevirdə inşa edilən yeni elektrik stansiyası 2025-ci ildə istifadəyə veriləcək. Stansiya müasir qurğularla təmin ediləcək ki, bu da 1 mlrd.kubmetr qaza qənaət etməyə imkan verəcək. Qənaət ediləcək həmin qaz isə Avropa bazarlarına ixrac ediləcək. Həmçinin müasir qurğuların tətbiqi imkan verəcək ki, havaya buraxılan karbon qazının da miqdarı azalsın. Əlbəttə İtaliya kimi inkişaf etmiş bir ölkənin bu layihələrə cəlb edilməsi çox mühümdür. Bugün İtaliya ölkəmizin ən yaxın tərəfdaşlarından biridir. Azərbaycanın əsas enerji alıcılarından biridir.
Ölkəmizin ənənəvi enerji mənbələri ilə yanaşı, son illər getdikcə önəm kəsb edən yaşıl enerji mənbələri ilə də zəngin olması bu sahəyə də diqqəti artırmışdır. Hələ 2022-ci ilin dekabrında Buxarestdə İlham Əliyevin də iştirakı ilə bir neçə dövlət bu sahəni inkişaf etdirmək üçün saziş imzalamışdır. Artıq həm Xəzərdə, həm də quruda külək və günəş enerjisinin alınması üçün işlərə başlanılmışdır.
Bugün ölkəmiz özünü elektrik enerjisi ilə tam təmin edir. Hətta bir neçə qonşu ölkəyə elektrik enerisi də ixrac edir. Amma bu sahənin inkişafı üçün daha çox potensial var. Cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi ölkəmiz Avropaya təkcə qaz və neft ixrac etmir. Həmdə elektrik enerjisi ixrac edir. Amma bunu daha da artırmaq mümkündür. Beynəlxalq münasibətləri dərindən bilən cənab Prezidentin heç şübhəsiz bu məsələdə necə haqlı olduğunu, ölkəmizin təhlükəsizliyinə necə töhfə verəcəyini hamımız birlikdə görəcəyik!
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın cənab İlham Əliyev!