Şuşa Bəyannaməsi – qardaşlığın təntənəsi
Fərəh Hüseynova
YAP Suraxanı Rayon Təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin direktoru
Orta əsrlərdə Avropanın dəhşətli yuxusuna çevrilmiş üç qitədə mülklərə malik Osmanlı imperiyası fitnəkarların siyasəti nəticəsində Bayandurlu, Səfəvilər dövlətləri ilə müharibələrə girmiş, iki qardaşın münaqişəsi Avropa diplomatiyasının qələbəsi olmuşdu. Birinci Dünya müharibəsindən sonra iç üzü tamamilə açılan Avropaya yeni yaranmış dövlətlərimiz məsafəli yanaşmış, ilk fürsətdə siyasi, hərbi sahədə münasibətlər qurmuşlar. Yenicə yaranmaqda olan Türkiyə Cumhuriyyəti hələ SSRİ buxovlarına düşməmiş Azərbaycan SSR ilə müddətsiz Qars bəyannaməsini imzalamaqla ərazisinin böyük hissəsini işğaldan qorumuşdu. Müstəqiliyini yenidən bərpa edən Azərbaycanı ilk dəfə rəsmi şəkildə Türkiyə tanıdı. Xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları iki dövlətin birlik simvoluna çevrildi: XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”,XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”
Dar gündə də, şad gündə də biri-birinin yanında olan bu iki dövlətin münasibətləri Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zamanında özünün ən yüksək həddinə çatdı. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, “Azərbaycan tək deyil !”-Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. 15 iyun Azərbaycan tarixində Milli Qurtuluş günü kimi qeyd olunur, Şuşa Bəyannaməsi bu günün dəyərini daha da artırdı bütün dost ölkələri sevindirdi.
Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında bu bəyannamənin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Onu da qeyd edim ki,Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Şuşa Bəyannaməsi həm də bölgədə inteqrasiya proseslərini stimullaşdırır, əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.
Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq.
Eyni zamanda Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
Azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur.
Şuşa Bəyannaməsi əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlər vəd edir. Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.
Bəyannamənin strateji əhəmiyyətini artıran hərbi əməkdaşlıq. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.
Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir. Cənab prezident İlham Əliyev Azərbaycan- Türkiyə münasibərləri haqqında “bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur “ söyləmiş , həqiqətən maadi və mənəvi bağlığımızı sübut edən yüzlərlə faktı sadalamağa gərək yoxdur.
Hər bir Azərbaycan vətənədaşı kimi mən də qardaşlığmızı alqışlayıram və daimi olmasını diləyirəm!