Gənc nəsil milli ruhda..

Gənc nəsil milli ruhda..
Südabə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru

Dövlət başçısı İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında bir çox vacib və önəmli məsələlərlə yanaşı, gənc nəslin milli ruhda böyüməsinə də toxundu. Bu məsələdə ailənin və təhsilin rolunu xüsusi vurğuladı: "Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir.

İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır".

Gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onların vətənpərvərlik ruhunun artırılması başlıca prioritetlərdən biridir. Çünki istənilən ölkənin gələcəyi onun yetişməkdə olan gənclərindən asılıdır. Gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması kimi vacib məqamlar dövlətimizin gənclər siyasətinin başlıca istiqamətləri olub. Məhz bu mötəbər təşəbbüslər həlledici məqamlarda öz nəticəsini verdi.

Böyük Zəfərimizin qazanılmasında gənclər əsl vətənpərvərlik sərgilədilər. Doğma torpaqların müdafiəsinə öz canları bahasına qalxmaqdan çəkinmədilər. Bu gün milli həmrəyliyin, bəşəri dəyərlərin və milli mənəviyyatın güclənməsində gənclər fəal iştirak edirlər. Gənclərin bu uğurları gələcəyimizin etibarlı əllərdə olduğunun göstəricisidir. Gələcəyə nikbin baxmağımızı təmin edən gənclərimizi dəstəkləmək və onlara dayaq olmaq hər birimizin borcudur. Vahid amalımız isə qüdrətli Azərbaycanın parlaq gələcəyinə töhfə verməkdir.