Milli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsində Prezident İlham Əliyev misilsiz xidmətlər göstərib

Milli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsində  Prezident İlham Əliyev misilsiz xidmətlər göstərib
Züleyxa Səmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru


2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.
Prezident İlham Əliyev həmin mərasimdə söylədiyi nitqində bildirdi ki, “Əsrin müqaviləsi”nin
imzalanması ilə Azərbaycanda böyük neft siyasəti başlanmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
başlanmış Azərbaycanın yeni neft strategiyası öz imkanlarından istifadə edib bizi qarşıda duran bütün
məqsədlərə çatdırdı. “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsi nəticəsində hasil olunan
Azərbaycan nefti bu gün dünya bazarlarına müxtəlif yollarla ixrac edilir.


Dövlətimizin başçısı daha sonra qeyd etdi: “Azərbaycan tarixdə ilk dəfə olaraq, Xəzər dənizinin özünə
məxsus olan sektoruna xarici investorları dəvət etdi. Ondan əvvəl Xəzər dənizində xarici şirkətlər heç
vaxt fəaliyyət göstərməmişdir. Bütövlükdə, Azərbaycan neft ölkəsi kimi tanınır. Dünyada ilk dəfə sənaye
üsulu ilə neft Azərbaycanda çıxarılmışdır. O cümlədən, dünyada dəniz yataqlarından ilk dəfə neft
Azərbaycanda, Xəzər dənizində hasil edilmişdir. 1994-cü ildə başlanmış yeni layihələr Azərbaycana onun
neft şöhrətini təzədən qaytardı”.


BTC əsas ixrac neft boru kəmərinin çəkilməsi ilə reallaşan və ulu öndər Heydər Əliyevin bir neçə
onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda
Azərbaycan dünya birliyində siyasi-iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan nüfuzlu dövlət
kimi tanınır.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan yeni neft strategiyasının
əsası “Əsrin müqaviləsi” ilə qoyulmuş və bu müqavilənin imzalanması ilə müstəqil Azərbaycan
dövlətinin tarixində milli neft strategiyası uğurla həyata keçirilməsinə başlanılmışdır. Məhz “Əsrin
müqaviləsi”ndən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı da artmış, ölkəmizin
beynəlxalq əlaqələri genişlənmişdir.


Bu müqavilənin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini
və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil
etmişdir. Ümummilli lider bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi
vasitəsilə dünya bazarlarına çıxaracaq BTC əsas ixrac neft boru kəməri ideyasını irəli sürmüşdür.
Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və
gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq sözügedən layihə həyata vəsiqə almışdır. Belə
ki, ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac
boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalanmışdır. Bununla da BTC layihəsinin reallığa
çevrilməsi üçün hüquqi baza yaradılmışdır. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi,
lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparılmışdır.


BP şirkəti layihənin operatoru seçilmiş və kəmərin tikintisi, istismarı üçün isə “BTC Ko.” şirkəti
yaradılmışdır. Onun səhmdarları BP, SOCAR, Şevron, Statoyl, TPAO, ENİ, Total, İtoçu, İNPEX,
KonokoFillips və Amerada Hess şirkətləri olmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı-
Tbilisi-Ceyhan (BTC) layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis etmiş və bu
qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış “BTC Company”
şirkətində 25 faizlik iştirak payı əldə etmişdir. Azərbaycan dövləti adından Azərbaycan “BTC Co.”
şirkətindəki payının maliyyələşdirilməsi isə Dövlət Neft Fondu tərəfindən həyata keçirilmişdir.


Ulu öndər Heydər Əliyev 2002-ci il iyulun 30-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” fərman
imzalamışdır. Həmin fərmanda BTC layihəsində Azərbaycan Respublikasının iştirakının təmin edilməsi ilə

bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı
məsələlər öz əksini tapmışdır.


Nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və
Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-
Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulmuşdur. Bununla da ümummilli lider Heydər
Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan
layihəsinin reallığa çevrilməsinə başlanılmış, 2003-cü ilin fevral ayında Səngəçal terminalından
başlayaraq kəmərin tikintisinə start verilmişdir. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi
Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirilmişdir. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin
oktyabrında istifadəyə ­verilmişdir.


Ulu öndər Heydər Əliyevin neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz
xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən
layihənin gedişi ilə bağlı şəxsən maraqlanmış, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olmuşdur. Nəhayət,
2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırılmış, həmin il mayın 25-də Səngəçal terminalında xam
neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirilmişdir. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət
başçıları terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa
başlamışdır. 2006-cı il mayın 28-də isə Azərbaycan nefti Ceyhan limanına çatmışdır. İyulun 4-də isə neftlə
yüklənmiş ilk tanker buradan yola salınmışdır. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI
əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına BTC əsas ixrac boru kəmərinin təntənəli açılış
mərasimi keçirilmişdir.


Beləliklə, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində
Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının
həyata keçirilməsi üçün əlverişli imkan yaranmış, eyni zamanda, ölkəmizin tranzit potensialı bir neçə
dəfə artmışdır.


Ümummilli lider Heydər Əliyevin adını daşıyan BTC əsas ixrac boru kəməri “Əsrin müqaviləsi”
çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarına çıxışını
təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1768 kilometrdir.
Respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax,
Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu isə 443
kilometrdir. Qalan 248 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən
nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı Azərbaycandan nəql edir. Bundan əlavə, hazırda
Türkmənistan nefti də bu boru kəməri vasitəsilə nəql olunur. 2013-cü ilin oktyabrından etibarən isə BTC
boru kəməri ilə yenidən müəyyən həcmlərdə Qazaxıstanın “Tengiz” yatağından çıxarılan xam neftinin
nəqlinə də başlanılmışdır.


Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin I rübündə Azərbaycanın magistral neft kəmərlərilə 10 005,4 min ton neft nəql edilmişdir. Nəqletmənin 81,5 faizi BTC neft ixrac kəməri ilə həyata keçirilmişdir. Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-
Çıraq-Günəşli” yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.


Sonda qeyd edək ki, ulu öndər Heydər Əliyevin adını daşıyan BTC hazırda təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki- iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan vermiş, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaratmışdır.