Cəmiyyətimiz üçün siyasi partiyalar haqqında yeni qanunun qəbulunun zərurəti böyükdür
Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim
Azərbaycan Respublikası Siyasi partiyalar haqqında qanun 1992-ci ilin iyununda qəbul edilib. Sonrakı illərdə bu qanuna müəyyən dəyişikliklər edilib. Həmin qanun dörd fəsil və 22 maddədən ibarət olmuşdur. Siyasi partiyalar haqqında yeni qanun isə 6 fəsil, 30 maddə ibarətdir. Burada siyasi partiyaların maliyyə məsələsi, onların idarə olunması, partiyaların bələdiyyə, parlament müstəvisində fəaliyyəti və s. məsələlər haqqında müddəalar öz əksini tapıb.
Zaman dəyişdiyi kimi bəzi qanunların da artıq dəyişilmə zamanı gəlmişdir. Məsələ ondadır ki, ölkəmiz hər gün inkişaf edir və müxtəlif sahələrdə dəyişikliklərə, islahatlara ehtiyac vardır. Bu islahatlar sosial-iqtisadi sahələrdə olduğu kimi siyasi sahəsində də aparılmalıdır. Müstəqilliyin ilk illərində Heydər Əliyevin hakimiyyəti dövründə demokratik parlament təşkil etmək üçün ilk seçkilər keçirilmişdir. Məhz Ulu öndərin rəhbərliyi ilə ilk konstitusiya qəbul olundu. O günlərdən etibarən fəaliyyət göstərən Milli Məclis müxtəlif partiyalardan təşkil olunmuşdur.
Hal-hazırda artıq dövr dəyişdiyindən köhnə qanunlar üzərində liberal dəyişikliklərin edilməsi vacibdir. Məsələ ondadır ki, 1992-ci ildə qəbul edilmiş Siyasi partiyalar haqqında yeni qanun artıq dövrün tələbinə, müasir çağırışlara cavab vermir və liberallığa uyğun gəlmir. Məsələn həmin qanun layihəsinə görə siyasi partiyanı quran zaman partiyanın qeydiyyatında 10 min insan olmalı, təsisçi kimi 200 nəfər qeyd edilməli idi. Daha sonra əgər partiya prezident, parlament və ya bələdiyyə seçkilərində iki dəfədən artıq iştirak etməsə, onun fəaliyyəti dayandırılırdı. Yeni qanun isə bu kimi məhdudiyyətləri aradan tamami ilə qaldırır.
Yeni qanun layihəsində biz onu müşahidə edirik ki, qeydiyyatda olan üzv sayı 10 mindən, 5 min nəfərə endirilib. Bu, bizə yeni, müxtəlif partiyaların yaradılmasında böyük imkanlar verəcək. Bununla da, insanlar siyasi fəaliyyətə rahat qoşula biləcəklər. Həmçinin, 200 nəfərlik təsisçi sayı 50 nəfərə endirilmişdir. Bu isə öz növbəsində üzv az sayı olan bir partiyanın yaranmasına yardım edəcəkdir.
Əvvəlki layihədə siyasi partiya yaratmaq istəyən şəxsin son 20 ildə Azərbaycanda daimi yaşamalı olması tələbi yeni redaktədə yer almır. Yəni, Azərbaycanda uzun müddət yaşamayan, fəaliyyət göstərməyən siyasi fəallar qayıdıb, partiya yarada bilərlər.
Yeni qanunda siyasi partiyalar üzərində nəzarət də nəzərdə tutulur. Bəs buna səbəb nədir? İlk öncə partiya ölkədə siyasi düşüncə yayıcısı kimi çıxış edir. Qeyd olunduğu kimi öz ətrafına topladığı şəxlərə bu düşüncəni yaymalıdır. Bundan əlavə qanun layihəsində siyasi partiyaların dövlət tərəfindən maliyələşdirilməsi qeyd olunub. Bunun şərtləri də qanunda aydın göstərilmişdir.
Siyasi partiyalar Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir. İndiki reallıqlar müəyyən qədər fərqlidir. Həmçinin, partiyaların seçkilərdə iştirak səviyyəsi də diqqətə alınmalıdır. Yeni qanun hazırlanarkən mövcud reallıqlar, həm ölkəmizin, həm də siyasi partiyaların inkişaf yolu nəzərə alınmışdır.