Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin şəhid məzunlarının ailələri ziyarət olunub

Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin şəhid məzunlarının ailələri ziyarət olunub

28 fevral tarixində Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin təşəbbüsü ilə məktəbin məzunları olmuş – Vətən müharibəsi şəhidi Əliyev Yunis Zaur oğlunun və 2022-ci ilin 12 – 14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribat zamanı şəhid olmuş Həsənov İbrahim Şöhrət oğlunun ailəsi ziyarət olunmuş, ailələrin qayğıları ilə maraqlanılmışdır.

Görüş zamanı YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva igid övladlarımızın sayəsində Azərbaycan Ordusunun şanlı qələbələrə imza atdığını vurğulamış, Şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacaqlarını qeyd etmişlər. Məktəbin psixoloqu Aidə Abdullayeva məktəbin məzunları – Yunis Əliyevin və İbrahim Həsənovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşub igidlik və mərdlik nümunəsi göstərərək ən uca zirvə olan - şəhidlik zirvəsinə ucalmalarından qürur duyduqlarını bildirdi. Təhsil aldığı müddətdə nümunəvi şagird kimi seçilən hər iki şəhid məzun həm müəllim heyətinin, həm də şagird yoldaşlarının qəlbində daim yaşayacaqları, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqları qeyd olundu.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə edib və məhz ölkə başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olduğunu bildirdilər. Bu savaşda Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər valideynləri kimi fəxr etdiklərini bildirdilər.