“Şuşa bəyannaməsi”- Qarabağın Qurtuluşu!
Məcid Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon 140 nömrəli tam orta məktəbin direktoru
2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda beynəlxalq güclərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir.
Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.
15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Sənəddə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Şuşa Bəyannaməsini tarixi Qars müqaviləsi və Moskva müqaviləsi ilə eyniləşdirirlər. Qeyd edək ki, Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad edilir. Bu isə o deməkdir ki, hər iki tərəfə qarşı silahlı təcavüz və ya beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində güc tətbiq edilərsə, o zaman Ankara və Bakı müştərək addım atmaq hüququnu özündə saxlayacaq. Şuşa Bəyannaməsinin əsas müddəası da məhz bundan ibarətdir. Bu, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin qorunması istiqamətində imzalanan çox mühüm və tarixi səhifədir. Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı əks olunan məsələlər isə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına zəmin yaratmaq baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla Türkiyəni birləşdirən bu dəhliz türk dövlətlərinə böyük üstünlük qazandıracaq. İki qardaş ölkə arasında məsafə də yaxınlaşacaq, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və inkişaf etdirilməsi, yeraltı zənginliklərin türk dünyasından keçməsi, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini artıracaq. Bu da yalnız iki türk dövlətinə deyil, digər türk dövlətlərinə, eləcə də dünyaya əhəmiyyətli dəstək vermiş olacaq. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsinin imzalanması ölkə liderlərinin Cənubi Qafqazda sabitlik və çiçəklənməyə kömək göstərməkdə qətiyyətliliyi ilə bağlı digər maraqlı tərəflərə mesajıdır. Adıçəkilən sənədin imzalanması Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmləndirilməsinə səbəb olacaq.
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti olduqca böyükdür. Bəyannamənin məhz Şuşada imzalanması ilə rəsmi Bakı öz qələbəsini bir daha təsdiqlədi, revanşistlərə konkret mesaj verdi ki, yenidən hansısa çirkin niyyətlərə düşsələr, hansı güclə üz-üzə qalacaqlar. Əslində, bu mesaj təkcə revanşistlərə də ünvanlanmayıb. Hansısa ölkə də Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxarsa, böyük güclə üz-üzə qalacaq. Burada bir məqama da diqqət yetirmək lazım gəlir. NATO ölkəsi olaraq Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması təklifləri Rusiya və İranı qıcıqlandırırdı. Lakin bu formada əməkdaşlığa qarşı heç kəs çıxa bilməyəcək. Bakı və Ankara problemi ustalıqla və diplomatik məharətlə həll edə bildi.
Bölgənin ən yeni tarixi üçün Şuşa Bəyannaməsinin önəmi qarşıdakı illərdə daha da aydın olacaq. Bu, yalnız taktiki gediş deyil, eyni zamanda dərin strateji düşüncənin məhsulu idi. Azərbaycan Türkiyə münasibətlərində ən vacib xüsusiyyət əməkdaşlığın regional və qlobal sülhə, sabitliyə töhfə vermək məramıdır. Bu məram Şuşa bəyannaməsində də öz əksini tapıb. İki ölkənin dövlət başçısının imzaladığı bəyannamədə BMT Nizamnaməsi vurğulanır və üçüncü ölkələrlə əməkdaşlıq qapılarının açıq olduğu bildirilir. Xatırladaq ki, imzalanma mərasimində dövlət başçılarının çıxışlarında Ermənistana da əməkdaşlıq təklifi səsləndirildi. Şübhəsiz ki, bu fikirlər Qafqazdakı sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək məqsədi daşıyırdı. Başqa sözlə, bölgə dövlətləri ilə münasibətlərin normallaşdırılması davamlı sülhün bərqərar olması əsas məqsəddir. Bəyannamədə vurğulanan digər bir məqam Türk dünyasına istinad etməkdir. Türk dünyasının inteqrasiyası üçün fəaliyyətlərin gücləndirilməsi niyyəti bildirilən bəyannamədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) çərçivəsində həyata keçirilən tədbirlər və Türkdilli Dövlətlərin Parlament Assambleyasında (TürkPA) həmrəyliyi məsələlərinə də mühüm diqqət yetirilir.
Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi və Naxçıvan - Qars dəmir yolunun inşasının sürətləndirilməsi yolu ilə iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsi də nəzərdə tutulur. Beləliklə, Şərq-Qərb Mərkəzi Dəhlizinin rəqabət qabiliyyətini artırmaq üçün əməkdaşlıq və Cənub Qaz Dəhlizini həyata keçirmək mümkün olacaqdır. Bəyannamədə iqtisadi əlaqələrin gücləndirilməsi, ixracatın şaxələndirilməsi, ümumi istehsal sahələrinin yaradılması və sərbəst hərəkət üçün zəruri mexanizmlərin yaradılması kimi hədəflər də əksini tapıb. İki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya, humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində də əməkdaşlığın daha da inkişafı məqsədilə birgə davamlı fəaliyyətlərin həyata keçiriləcəyinin ifadə olunması bəyannamənin hərtərəfli fəaliyyət konsepsiyasını müəyyən edir. Sənəddə “bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsi” müddəası diqqətəlayıq məqamdır. Bütün bunlar, Türkiyə ilə Azərbaycanın ortaq strateji hədəflərinin olduğunu sübut edir. Türkiyə ilə Azərbaycan Şərqlə Qərb arasında mühüm bir körpüdür. Yeni mərhələdə - Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra Şuşa şəhəri tarixi missiyası və geosiyasi yerləşməsinə görə bu körpüdə mühüm bir sütuna çevriləcəkdir. Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində imzalanan tarixi bəyannamə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə mühüm töhfə verəcək. Nəticə olaraq deyə bilərik ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərə əhəmiyyətli təkan verəcək Şuşa Bəyannaməsi regional və qlobal təhlükəsizliyə zəmin yaradır. Azərbaycanın yeni dünya düzəninə, qlobal geosiyasi sistemə inteqrasiyasının göstəricisidir.Şuşa Bəyannaməsi tarixi ədalətin qələbəsidir. Bütün uğurlar Prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.
a