“Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə müttəfiqliyinin əbədi möhürüdür
Arzu Hacı-zadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkiminin müavini
Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərinin tarixi əhəmiyyəti böyükdür. Şuşa dünya mədəniyyət tarixində iz qoymuş bir şəhərdir. Cənab Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi Şuşa yalnız ölkəmizin deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olmağa layiqdir.
İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər tutaraq imzalanmış olan “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin əbədiliyinin möhürüdür.
Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Bu gün Azərbaycan-Türkiyə xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələr mövcuddur. Günü-gündən humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf edən münasibətlər və dərinləşən qarşılıqlı töhfələr, hər iki dövlətin mənafeyinə xidmət edir. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata keçirilməkdədir.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni tarixi mərhələsinin başlanğıcı oldu. Bu tarixi sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanıb və iki qardaş ölkənin strateji əməkdaşlığını bütün dünyaya bəyan edir və bəyannamə Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu simvolizə edir. Bəyannamədə xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsinin artırılması və diplomatik səylərin birləşdirilməsi də nəzərdə tutulur. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək üçün media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsi vacibdir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin dərinləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm bir addımdır. Bu sənəd iki ölkə arasında strateji tərəfdaşlığı yeni zirvələrə qaldıraraq, bölgədə və dünyada sülh və sabitliyə töhfə verir.
Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, bu yolda biz həmişə dost, qardaş Türkiyə Cümhuriyyəti ilə, türk xalqı ilə bir yerdə olmuşuq. Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra Türkiyə ilk olaraq bu müstəqilliyi tanımışdır. Biz yenicə doğulmuş bir cocuq, bəbə kimi hələ ayaqlarımızı ata bilmirdik, ancaq Türkiyə bizim qolumuzdan tutmuşdu, bizə yardım etmişdi və öz təcrübəsini bizə göstərmişdi. Bizim dostluğumuz, qardaşlığımız əbədidir, dönməzdir, sarsılmazdır!
Yaşasın, Azərbaycan!
Yaşasın, Türkiyə!
Yaşasın, Türk xalqlarının əbədi birliyi!