Suraxanı rayonunda "Xocalı - şəhid şəhər" adlı tədbir keçirilmişdir
22 fevral 2023-cü il tarixdə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Xocalı - şəhid şəhər" adlı tədbir keçirildi.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktor əvəzi Zəkiyə Hacıyeva, "3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" PHŞ-in direktoru Lalə Qəti, Yeni Azərbaycan Partiyasının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri Sevinc Ağayeva, Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Vətən müharibəsi qazisi Məmmədli Samir, Hüseyn İsmayılov və Xocalı sakini, şəhid anası İbadullayeva Ulduzə iştirak etmişlər.
Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyaraq Ümummilli liderin əziz xatirəsini yad etdilər. Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc rəssamlarının Xocalı faciəsinə həsr etdikləri rəsmlərin sərgisinə baxıldı.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni, ulu öndərimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başladı. Daha sonra mərkəzin "Uşaq teatrı", "Bədii qiraət", "Mahnı teatrı", "Musiqisevərlər", "Milli rəqs" dərnəyinin üzvləri vətənpərvərlik mövzusunda yazılmış şeirlər, səhnəciklər, mahnılar, rəqslərlə çıxış etdilər və videoçarxlara tamaşa olundu.
Tədbirdə Xocalı sakini Ulduzə xanım həmin günlə bağlı öz acı xatirələrini danışdı. Sonda qonaqlar çıxış edərək iştirakçılara və tamaşaçılara öz ürək sözlərini çatdırdılar.