Suraxanı Rayonunda Vətən müharibəsi şəhidi Rüfət Əsgərovun xatirəsi yad edilib

Suraxanı Rayonunda Vətən müharibəsi şəhidi Rüfət Əsgərovun xatirəsi yad edilib

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, "Cəsur döyüşçü" medallarına layiq görülən şəhid Əsgərov Rüfət Qabil oğlunun anım günü qeyd olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında Rüfət Əsgərovun məzarını ziyarət edərək gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Mərasim iştirakçıları daha sonra şəhidin xatirəsinə açılmış ehsan süfrəsində iştirak ediblər. Anım tədbiri Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək  44 günlük Vətən müharibəsinin şərəfli məqamlarından, eləcə də şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb. O, bildirib ki, xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna eh¬tiram göstərir, xatirəsini uca tutur. Dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Anım yürüşündə şəhidlərimizin plakatlarını başları üstündə daşımaları şəhidlərin uca ruhuna sayğının təntənəsidir.

Şəhid Rüfət Əsgərovun anası Aynurə xanım göstərilən diqqət və qayğıya görə Prezident cənab  İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz minnətdarlığını  ifadə edib.