Təhsil sahəsində həyata keçirilən islahatlar tədrisin keyfiyyətinin yüksəldilməsi xidmət edir

Təhsil sahəsində həyata keçirilən islahatlar tədrisin keyfiyyətinin yüksəldilməsi xidmət edir

Günay Qafarova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 318 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı

Təhsil cəmiyyətin inkişafını, milli-mənəvi dəyərlərin qorunmasını və gələcək nəsillərin hərtərəfli formalaşmasını təmin edən ən mühüm sahələrdən biridir. Bu sahədə tədrisin keyfiyyəti, müasir bilik və bacarıqların mənimsədilməsi ilə yanaşı, məktəbdə yaradılan mənəvi-psixoloji mühit, müəllimlərin peşəkar davranışı, ünsiyyət mədəniyyəti və xarici görünüşü də xüsusi əhəmiyyət daşıyır.

Müəllim yalnız bilik və bacarıqları ilə deyil, həm də davranışı, etik normalara münasibəti, məsuliyyəti və şəxsi nümunəsi ilə şagirdlərin dünyagörüşünün, həyat prinsiplərinin və sosial davranışlarının formalaşmasına təsir göstərir. Bu baxımdan, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın müəyyənləşdirilməsi və işgüzar geyim mədəniyyətinin inkişaf etdirilməsi müasir təhsil sisteminin aktual məsələlərindən biridir.

Azərbaycan Respublikasında təhsil sahəsində həyata keçirilən islahatlar tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsilalanlar üçün bərabər imkanların yaradılması, sağlam pedaqoji mühitin formalaşdırılması və təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm məqsədlərə xidmət edir. Bu məqsədlərin reallaşdırılması yalnız tədris proqramlarının yenilənməsi və müasir təlim metodlarının tətbiqi ilə məhdudlaşmır.

Eyni zamanda, məktəbdaxili münasibətlərin tənzimlənməsi, peşəkar davranış normalarının möhkəmləndirilməsi və təhsil mühitində ümumi mədəniyyət səviyyəsinin yüksəldilməsi də vacib şərtlər sırasındadır. Müəllimlərin geyimi ilə bağlı müəyyən edilmiş tələblər məhz bu ümumi yanaşmanın tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin geyiminə dair vahid qaydaları müəyyən edir.

Sənədin əsas məqsədi müəllimlərin xarici görünüşü ilə bağlı aydın çərçivə yaratmaq, məktəblərdə işgüzar geyim mədəniyyətini təşviq etmək, pedaqoji fəaliyyətin xarakterinə uyğun peşəkar mühitin formalaşmasına töhfə verməkdir. Bu qərar təhsilverənlərin geyiminə münasibətdə ümumi prinsiplərin müəyyənləşdirilməsi və onların gündəlik pedaqoji fəaliyyət zamanı nəzərə alınması baxımından əhəmiyyət daşıyır.

Məktəb yalnız tədris prosesinin həyata keçirildiyi məkan deyil, həm də şəxsiyyətin formalaşdığı, sosial davranış normalarının mənimsənildiyi, milli-mənəvi dəyərlərin aşılandığı və ictimai münasibətlərin inkişaf etdiyi mühüm tərbiyə ocağıdır. Şagirdlər məktəbdə yalnız dərsliklərdən bilik əldə etmirlər. Onlar müəllimlərin davranışlarını müşahidə edir, ünsiyyət tərzindən nümunə götürür, məsuliyyətə, nizam-intizama, qarşılıqlı hörmətə və ictimai münasibətlərə dair təsəvvürlərini də bu mühitdə formalaşdırırlar. Belə bir şəraitdə müəllimin xarici görünüşü onun peşəkar fəaliyyətini tamamlayan amillərdən biri kimi çıxış edir.

 

 

Paylaş