Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticari əlaqələr
Nabat Abdulova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Respublika Reabilitasiya Mərkəzinin direktoru
8 oktyabr 2026-cı ildə Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət başçıları iştirak ediblər. Azərbaycanın bu formatda tamhüquqlu iştirakçı kimi yer alması görüşün siyasi və regional əhəmiyyətini daha da artırıb. Görüşün əsas məqsədi Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun, iqtisadi-ticari əlaqələrin və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi olub.
Tərəflər nəqliyyat, energetika, investisiya, ticarət, rəqəmsal texnologiyalar, turizm, elm, mədəniyyət və humanitar sahələr üzrə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticari əlaqələrin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini qeyd edib. Qarşılıqlı investisiyaların artırılması, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və məhsulların xarici bazarlara birgə çıxarılması əsas istiqamətlər kimi önə çəkilib.
Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi əməkdaşlığın praktiki xarakter daşıdığını göstərir. Görüşdə nəqliyyat və tranzit əlaqələrinin inkişafına xüsusi diqqət yetirilib. Xəzər dənizi üzərindən keçən marşrutların və Orta Dəhlizin imkanlarının genişləndirilməsi Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm istiqamət kimi qiymətləndirilib. Nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir və avtomobil yollarının inkişaf etdirilməsi regionun beynəlxalq bazarlara çıxış imkanlarını artırır.
Rəqəmsal İpək Yolu layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı da regional bağlantının yeni mərhələsini formalaşdırır. Energetika sahəsi də görüşün əsas müzakirə istiqamətlərindən biri olub. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit imkanlarına malik olduğu vurğulanıb. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəqli bu əməkdaşlığın konkret nümunəsidir.
Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji və yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində əməkdaşlıq davam etdirilir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Mədəniyyət, turizm, elm, idman və digər humanitar istiqamətlərdə əlaqələrin genişləndirilməsi də diqqət mərkəzindədir.
Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında göstərdiyi dəstək xalqlar arasında dostluq və həmrəyliyin mühüm göstəricisi kimi qiymətləndirilir. Görüş çərçivəsində “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və görüşün tənzimləyici sənədləri ilə bağlı qərar imzalanıb.
Həmçinin Azərbaycanın 2027-ci ildə Məşvərət görüşünə ilk dəfə sədrliyi təsdiqlənib. Bu, Azərbaycanın format daxilində rolunun və regional əməkdaşlığa verdiyi töhfənin artdığını göstərən mühüm göstəricidir.Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə aparılan müzakirələr və qəbul edilən qərarlar qarşıdakı dövrdə nəqliyyat, energetika, investisiya, ticarət, rəqəmsal inkişaf və humanitar əlaqələr üzrə əməkdaşlığın daha da genişləndiriləcəyini göstərir. Azərbaycanın 2027-ci ildə bu formata sədrliyi isə ölkəmizin regional əməkdaşlıqda fəal rolunu daha da gücləndirmək üçün yeni imkanlar yaradır.