Suraxanı rayonunda şəhid baş leytenant Orxan Hüseynovun mövlud günü qeyd olunub
25 iyul Vətən Müharibəsi şəhidi baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun mövlud günüdür. Şəhidimizin dünyaya gəlməsinin 31-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Hacıyev və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının nümayəndələri öncə Orxan Hüseynovun Suraxanı rayon Əmircan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahını və adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq xatirə – abidə kompleksini ziyarət etmiş, tər güllər düzmüş, dualar oxumuşlar.
Ziyarət əsnasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Möhtərəm İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın sosial yönümlü, vətəndaş mərkəzli siyasətindən söz açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, rayonumuzda bu sahədə ciddi iş aparılmaqdadır. Vüqar Seyidov Vətən Müharibəsindən iki ilə yaxın zaman keçməsinə baxmayaraq şəhid ailələri və qazilərin ilk günlərdə olduğu kimi diqqət mərkəzində olduğunu xüsusi vurğulamışdır.
Qeyd edək ki, şəhid baş leytenant Hüseynov Orxan Bəhmən oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni , “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.