Suraxanı rayonunda şəhid Şahmar Səfərovun mövlud günü qeyd olunub
1 sentyabr Vətən Müharibəsi şəhidi leytenant Səfərov Şahmar Nazim oğlunun mövlud günüdür. Şəhidimizin dünyaya gəlməsinin 25-ci ildönümü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının nümayəndələri öncə şəhidin II Fəxri Xiyabandakı əbədi istirahətgahını ziyarət etmiş, tər güllər düzmüş, dualar oxumuşlar. Şəhid Şahmar Səfərovun mövludu ilə əlaqədar açılmış ehsan süfrəsində çıxış edən yerli təşkilatın sədri Vüqar Seyidov şəhidlərimizə olan hörmət və ehtiramını bildirdi. Vüqar Seyidov demişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov yerli təşkilatın çoxminli üzvləri adından şəhidimizin üzərində Xarıbülbül təsviri içərisində şəkili toxunmuş xalçanı ailə üzvlərinə təqdim etmişdir.
Qeyd edək ki, şəhid leytenant Səfərov Şahmar Nazim oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3 dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə”, medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.