Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 55 illik yubileyi münasibətilə təhsil aldığı və adını daşıyan Suraxanı rayonu 154 nömrəli tam orta məktəbdə tədbir təşkil olunub. Şəhidin xatirəsinə həsr olunmuş anım tədbirində YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Albert Aqarunovun qardaşı Rant Aqarunov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlahət Abbasova, qazilər, müharibə iştirakçıları, şəhid ailələri iştirak ediblər.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov qeyd etmişdir ki, Azərbaycan burada yaşayan bütün xalqların ortaq Vətənidir. 44 günlük Vətən Müharibəsində olduğu kimi I Qarabağ müharibəsində də ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri qəhrəmancasına döyüşüb və Albert Aqarunov kimi canlarını Vətənə qurban vermişlər. yerli təşkilatın sədri onu da vurğuladı ki, belə qəhrəman oğullarımızı heç vaxt unutmayacağıq.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək əslən yəhudi olan və I Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalan Albert Aqarunovun xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu və onun adının əbədiləşdirildiyini qeyd edib. O, bildirib ki, I Qarabağ müharibəsinin qızğın vaxtında könüllü olaraq cəbhəyə yollanan Albert Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salaraq, xeyli sayda hərbi texnikasını məhv edib. Qısa, lakin dəyərli ömür yaşayan cəsur tankçı gələcək nəsillər üçün böyük bir örnəkdir.
Çıxış edən digər natiqlərdə çıxışlarında bildiriblər ki, Albert Aqarunov əsl qəhrəmanlıq nümunəsidir. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi, yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim Vətəni bilmiş, torpağı uğrunda döyüşmüş, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda etmişdir. Qeyd olunub ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin keçirilməsi önəmlidir.
Qonaqların çıxışından sonra tədbir incəsənət xadimlərinin, həmçinin 154 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında bədii hissə ilə davam edib.