Suraxanı Rayonunda Birinci Qarabağ Müharibəsi şəhidi Oktay Əliyev doğum günündə ehtiramla anılıb
18 may 2023-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər 114 nömrəli tam orta məktəbin təşkil etdiyi Birinci Qarabağ Müharibəsi şəhidi Əliyev Oktay Nizam oğluna həsr olunmuş tədbirdə iştirak etmişlər.
Anım tədbiri Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himnin səslənməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novruzova Vətən Müharibəsində şəhidlərimizin qanları ilə tarix yazdığını bildirdi. Birinci Qarabağ Müharibəsində canlarını qurban vermiş şəhidlərin öz əməlləri ilə İkinci Qarabağ Müharibəsində iştirak edənlərə və şəhid olanlara örnək olduğunu vurğuladı.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, şəhidlərin əziz xatirəsi hər zaman yaddaşlarda yaşayacaqdır. RİH-nin başçısı istər I, istərsə də II Qarabağ Müharibəsində şəhid olmuş vətən övladlarının müstəqil Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçdiyini vurğuladı.
Şəhidin ömür-gün yoldaşı, Şəhid ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva çıxış edərək dedi ki, vətənpərvərlik məhz məktəbdən başlayır. Vətən Müharibəsində qələbəmizi bizə bəxş edən əsas amil də gənc nəsillərin doğru tərbiyəsi olunmasıdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gənclərin formalaşmasında, tərbiyəsində roluna toxunan Nəsibə Əliyeva bildirdi ki, məktəblər və təhsil işçiləri bu siyasətin ən fədakar daşıyıcılarıdırlar.
Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.