Suraxanı rayonunda 27 sentyabr – Anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb

Suraxanı rayonunda 27 sentyabr – Anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb
Sentyabrın 23-də Suraxanı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsində yerləşən xanım Fatimeyi-Zəhra məscidində 27 sentyabr – Anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Qaya Məmmədov,  Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdir müavini Amal Məlikov və əməkdaşı Aqil Əlisoy, Qafqaz Müsəlmanları İdarəsinin Suraxanı rayonu üzrə Qazisi Qurban Əliyev, eləcə də şəhid ailələri və qazilər, din xadimləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək şəhid ailələrinə dərin hüznlə başsağlığı verib, torpaqlarımızın düşmən tapdağından azad olunmasında və suverenliyimizin tam bərpa olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. O, bildirib ki, Vətən müharibəsinə başladığımız 2020-ci il 27 sentyabr tarixindən - xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 5 il keçir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan RİH başçısı xalqımızın onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Adil Əliyev bildirib ki, ölkə başçımızın Anım Gününün Respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncam şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsidir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək demişdir ki, 27 sentyabr tarixi Azərbaycan xalqının milli özünüdərk prosesinə böyük töhfələr vermişdir. Azərbaycan dövləti, xalqı və bütün cəmiyyətimiz bir amal, bir ideya və bir yumruq ətrafında birləşərək torpaqlarımızla yanaşı, milli qürurumuzu və gələcəyimizi xilas etmişdir. Yerli təşkilatın sədri Şəhidlərin əziz xatirəsini bir daha uca tutaraq demişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın bu həssas təbəqədən olan insanlara- şəhid ailələrinə və qazilərə münasibətləri hər birimiz üçün nümunədir, etalondur. Vüqar Seyidov onu da xüsusi olaraq vurğulamışdır ki, YAP Suraxanı rayon təşkilatı ötən 5 il ərzində Suraxanı rayon ərazisində yaşayan hər bir Şəhid ailəsinin doğma evi olmuşdur. Hər bir şəhid ailəsinin üzvləri də yerli təşkilatın ən doğma kəsləridirlər.
Həmçinin, mərasimdə çıxış edən Milli Məclisin deputatı Qaya Məmmədov,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdir müavini Amal Məlikov Vətən müharibəsində Azərbaycan xalqının birlik nümayiş etdirərək, böyük Zəfərə imza atdığını və bu Qələbənin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.
Ehsan süfrəsi mərasimində Vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının ruhuna dualar oxunub.