Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində mayın 5-də 327 nömrəli tam orta məktəbdə "Dahi Şəxsiyyət Heydər Əliyev" adlı tədbir keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Əliyeva qonaqları salamlayaraq Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verib.
Daha sonra məktəblilərin təqdimatında Ulu Öndərin xatirəsinə həsr olunmuş bədii kompozisiya nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən ətraflı bəhs edib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dinamik şəkildə inkişaf edən dövlətimizin malik olduğu hüquqi dövlət konsepsiyasının memarının Ulu Öndər Heydər Əliyev olduğunu vurğulayıb.
Həmçinin, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da çıxışında bildirib ki, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun uca zirvəyə qaldırdığı Azərbaycan və Azərbaycançılıq məfkurəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.
ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov da Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışaraq bildirib ki, Heydər Əliyevin zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.