Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib
İyunun 14-də Bakı şəhəri Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Kərəm Mehdiyev bu günün XI sinif şagirdlərinin həyatında qürurverici günlərdən biri olduğunu deyib. Direktor vurğulayıb ki, bu gün bütöv Azərbaycanda “Məzun günü” keçirilir. Kərəm Mehdiyev məzunlara uğurlar arzulayıb və müstəqil həyatda yollarının açıq olmasını diləyib.
Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Asəf Əmrəhov çıxış edərək “Son zəng” münasibətilə bütün məzunları təbrik edib. Asəf Əmrəhov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının təbriki diqqətə çatdırıb.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun salamlarını, xoş arzularını, diləklərini məzunlara çatdırıb. Ənvər Haqverdiyev deyib ki, "Son zəng” gününü qalib, qüdrətli Azərbaycan Respublikasının vətəndaşları kimi qeyd edirik. Dünyanın hansı yerində olmasından asılı olmayaraq gənclərimiz ölkəmizi layiqincə təmsil etməlidirlər.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək dedi ki, məzunlar öz həyatlarında yeni bir mərhələyə qədəm qoyurlar. Fərəh Məcidzadə məzunlara gələcək həyatında uğurlar arzulayaraq tövsiyyə etdi ki, harda olmaqlarından, hansı peşəyə sahib olmaqlarından asılı olmayaraq hər zaman vətəni sevsinlər, ona sadiq, vətənpərvər övladlar olsunlar.
Tədbir bədii hissə ilə davam etdirilib və ənənəvi olaraq “Son zəng” çalınıb.