Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
Artıq qarı düşmən ölkəmizdən qovulub, azad torpaqlarımız öz sahiblərinin əlində günü-gündən çiçəklənir.Həm xarici, həm daxili siyasəti uğurla inkişaf etdirən Prezident İlham Əliyev 2024-cü ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak etmişdir.Mərasim zamanı aqrar sektorun inkişafına xüsusi diqqət, daxili iqtisadiyyatın inkişafına dövlət qayğısının şahidi olduq. Tədbirdə çıxış edən Prezident söyləmişdir: “Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq”
Dövlətimizin başçısı İlham Əliyev həmçinin bildirmişdir ki,Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır. Son 20 il ərzində dövlətimizin əsas prioritet məsələsi Qarabağ problemi olduğu üçün, eyni zamanda dünyanın bir çox ölkəsində müşahidə edilən urbanizasiya prosesinin bizim ölkdə baş verməsi səbəbilə kənd təsərrüfatı yetərincə inkişaf etməmişdir.Bütün bunları nəzərə alan Azərbaycan dövləti müharibədən sonrakı dinc dövr üçün iqtisadiyyatın inkişafında aqrar sahənin də payının atrılmasına çalışır. Məhz bunu diqqətə çatdırmaq üçün İlham Əliyev demişdir: ”Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi."
10 rayonumuzun su problemini əsaslı şəkildə həll edəcək Şirvan kanalının istifadəyə verilməsi davamlı inkişafın göstəricilərindəndir,qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsinə qarant verir. Qarabağ kanalının inşası gələn il başlanacağını ictimaiyyətin nəzərinə çatdıran İlham Əliyev kanalın 115 min hektarı əhatə edəcəyini və orada əhatə olunan 9 rayonunun da su ilə maneəsiz təmin oluncağını dedi.
Bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu nəzərə alaraq İlham Əliyev bildirmişdir ki,” İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda. Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir.”
Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır.
Su təsərrüfatının yenidən və bütün məkanlar üçün əlçatan və müasir şəkildə qurulacağını söyləyən ölkə prezidenti Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəyini bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəyini söylədi. Böyük Qayıdışın hazırda yüksək sürətlə icra edildiyini nəzərə çatdıran Prezident İlham Əliyev ” axtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz öz su mənbələrimizə tam sahib olmuşuq.Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək” demişdir.
Həqiqətən ölkə başçısının sözləri ilə razılaşmalıyıq ki, ”Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir.”
Bütün bu tədbirlər bizdə böyük bir inma yaradır ki, qarşıdakı illərdə Azərbaycan başdan-başa yaşıllıq içində bir cənnətə çevriləcək, boz çöllərə nəfəs veriləcək, azad Vətənim daha da çiçəklənəcək! Dədəmiz Qorqudun sözü ilə fikrimi bitirmək istəyirəm: ”Torpağı qorumadınsa əkib-becrməyinə dəyməz,torpağı əkib-becərmədinsə onu qorumağa dəyməz!”
Fərəh Hüseynova
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru