Fikrət Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayon Yeni Suraxanı bələdiyyəsinin sədri
Hər bir Azərbaycan vətəndaşı dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşır, çünki, bayraq qürurumuz, bu bayrağın dalğalanması üçün igid oğullarımızın qanı tökülüb. Bu səbəbdən də xalqımızın bayrağa sevgisi ildən-ilə daha da artır. Hazırda paytaxtımızın küçə və meydanlarında, binaların eyvanlarında asılan çoxsaylı bayraqlar bunun əyani sübutudur. Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb.
Dövlət bayrağımız diplomatik nümayəndəliklərin, respublikamızın dövlət qurumlarının və binaları üzərində ucalır. Mötəbər mərasimlər, mühüm beynəlxalq tədbirlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
“Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!” – Bu sözlər 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışındandır.
Bəli, bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, Ali Baş Komandanın öncədən dediyi bu sözlər yerini tutdu. Şanlı ordumuzun 2020-ci il sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatı uzaqgörən, müdrik Prezidentimizin 10 il əvvəl dediyi sözlərin əyani təsdiqidir. 2016-cı ilin Aprel döyüşləri zamanı, daha sonra Naxçıvan Muxtar Respublikası ərazisində aparılan əməliyyat nəticəsində işğaldan edilən doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmağa başladı. Həmin zəfərlərin davamı olaraq qəhrəman Azərbaycan əsgəri bayrağımızı doğma Qarabağ torpagına - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərinə, Hadrut, Mincivan, Ağbənd qəsəbələrinə, Suqovuşana, eləcə də işğaldan azad olunmuş 215 kəndə sancıb.
Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Onu 1920-ci ildə İmperiya süquta uğratdı. Daha sonra dövlətçilik ideyaları, mübarizə əzmi yaşadı, yaşadıldı. Nəhayət, dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət bayrağı kimi uzun illərdən sonra rəsmi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də isə bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edildi.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə daha aydın görünür. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir. Cənab Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
Qeyd etdiyimiz kimi, 2020-ci ilin noyabr ayında Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza səbirsizliklə gözlədiyi müjdəni verdi. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Ali Baş Komandanın xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı ilə paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşdı. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi, bayram bayrama qarışdı. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq.
Bu gün Dövlət Bayrağı Meydanında Azərbaycanın üçrəngli bayrağı dalğalanır; dünya miqyasında bənzərsiz ucalıqda, ən mötəbər beynəlxalq qurumların qarşısında bütün dövlətlərin bayraqları ilə bir sıradadır. Xalqımızın başı üzərinə qaldırdığı üçrəngli bayrağının bir daha enməməsi üçün ağır sınaqlarla üzləşdi - qalib gəldi, qələbə çaldı. Ömrünü bu mübarizəyə həsr edənlər millətin millət olması üçün qanından, canından keçdi. Hər vətəndaşın mənəvi dünyası dövlət bayrağıyla bağlıdır. Əzəmətlə dalğalanan üçrəngli bayrağımız qürur və ləyaqətimizin təcəssümüdür.