Statistik göstəricilər Gürcüstanla tərəfdaşlığın miqyasını aydın şəkildə nümayiş etdirir

Statistik göstəricilər Gürcüstanla tərəfdaşlığın miqyasını aydın şəkildə nümayiş etdirir

Emin Quliyev

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin müəllimi

Yeni layihələr, genişlənən ticarət əlaqələri və təhlükəsizlik sahəsindəki ortaq addımlar göstərir ki, Bakı və Tbilisi arasındakı bu ittifaq bundan sonra da regionun gələcək taleyini müəyyən edən əsas güc mərkəzi olaraq qalacaqdır. İqtisadi əməkdaşlıq Azərbaycan və Gürcüstan münasibətlərinin onurğa sütununu təşkil edən və ən dinamik inkişaf edən sahələrdən biridir.

Statistik göstəricilər bu tərəfdaşlığın miqyasını aydın şəkildə nümayiş etdirir. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 800 milyon dolları keçmiş, 2026-cı ilin ilk rübündə isə kifayət qədər yüksək artım qeydə alınmışdır. Mövcud dinamika saxlanılarsa, ticarət həcminin ilin sonuna qədər 1 milyard dollar rəqəminə çatacağı gözlənilir.

Gürcüstanda formalaşmış çox müsbət sərmayə iqlimi azərbaycanlı investorları bu ölkəyə böyük maraq göstərməyə və daha fəal addımlar atmağa həvəsləndirir. Bu günə qədər Azərbaycan tərəfindən qonşu ölkənin iqtisadiyyatına cəmi 3,7 milyard dollar həcmində sərmayə yatırılmışdır. İqtisadi əlaqələrin gələcək perspektivləri isə daha geniş hədəfləri əhatə edir tərəflər yeni investisiya layihələri ilə yanaşı, gələcəkdə üçüncü ölkələrə birgə sərmayə qoyuluşu imkanlarını da fəal şəkildə müzakirə edirlər.

Maraqlı və mühüm bir fakt odur ki, bu gün Azərbaycan və Ermənistan arasındakı bəzi ticarət əlaqələri məhz Gürcüstan vasitəsilə həyata keçirilir. Bu, Gürcüstanın regionda "sülh körpüsü" funksiyasını necə uğurla yerinə yetirdiyinin göstəricisidir. Prezident İlham Əliyev vurğulamışdır ki, sülhü gücləndirməyin ən yaxşı yolu məhz iqtisadi əlaqələr və ticarətdir.