Azərbaycan Laos Xalq Demokratik Respublikasını dost ölkə kimi qiymətləndirir
Kənan Həsənli
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 290 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi
Bildiyimiz kimi, 13 oktyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatında yer alan əsas məqamlar və əməkdaşlığın prioriteti aşağıdakı istiqamətlərdə öz əksini tapır. Səfər çərçivəsində qəbul edilən Birgə Bəyanat və imzalanan ikitərəfli sənədlər Azərbaycan və Laos arasında gələcək münasibətlərin hüquqi bazasını formalaşdırır. Prezident İlham Əliyev vurğuladı ki, bu Birgə Bəyanat əslində tərəflərin gələcək fəaliyyət proqramını, strateji əməkdaşlığın əsas istiqamətlərini dəqiq müəyyənləşdirən mühüm sənəddir. Bunun nəticəsidir ki, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan Laos Xalq Demokratik Respublikasını dost ölkə kimi qiymətləndirir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır. - deyə prezident İlham Əliyev xüsusilə vurğulamışdır.
Bəyanatda vurğulanan əsas məsələlərdən biri də iqtisadi-ticari əlaqələrin genişləndirilməsidir. Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu imkanları ildən-ilə genişlənir. Bu baxımdan, Laosda müxtəlif sahələrə Azərbaycan kapitalının yatırılması və birgə layihələrin icrası müzakirə olunan əsas mövzulardandır. Müzakirə edilən vacib məsələlərdən biri də nəqliyyat və bağlantılardır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın logistik imkanları bölgələrarası inteqrasiyaya yeni təkan verə bilər.
Tarixən Azərbaycanda bir çox xarici ölkələrdən, o cümlədən Asiya regionundan olan tələbələr ali təhsil almışlar. Prezident İlham Əliyev bildirdi ki, laoslu tələbələrin də Azərbaycanda təhsil alması üçün geniş imkanlar mövcuddur. Təhsil sahəsində tələbə mübadiləsi və təqaüd proqramları xalqlarımız arasında dostluq körpülərini daha da gücləndirəcəkdir.
Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır.
İki ölkəni birləşdirən və ciddi narahatlıq doğuran ortaq məsələlərdən biri də mina problemidir. Həm Azərbaycan, həm də Laos müharibə və münaqişə irsi olan kütləvi minadaşma problemindən əziyyət çəkən ölkələrdəndir. Bu sahədə təcrübə mübadiləsi, minatəmizləmə fəaliyyətində əməkdaşlıq və beynəlxalq müstəvidə humanitar minatəmizləməyə diqqətin artırılması tərəflərin birgə maraq dairəsindədir.
Yekunda isə qeyd etmək lazımdır ki, Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri və Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikir və hədəflər göstərir ki, Bakı ilə Vyentyan arasında ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. İmzalanan sənədlər və müəyyən edilən prioritetlər yaxın gələcəkdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə real nəticələrin əldə olunmasına zəmin yaradır və bu da iki ölkə arasında əməkdaşlığın və dostluq bağlarının daha da güclənməsi və möhkəmlənməsi üçün çox mühümdür.