Slovakiya Baş nazirinin Azərbaycana rəsmi səfəri iki ölkənin əlaqələrinin tarixində yeni səhifədir
Cari ilin may ayının 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib.Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.
Səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” çox ciddi siyasi sənəddir və bu sənəd Azərbaycan-Slovakiya əlaqələrini ən yüksək səviyyəyə qaldıracaq. Ölkə Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında məhz bu sənədin önəmini xüsusi vurğulayaraq qeyd etmişdir: “İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir”.
Slovakiya Baş nazirinin Azərbaycana rəsmi səfəri iki ölkənin əlaqələrinin tarixində yeni səhifədir. Azərbaycan-Slovakiya münasibətləri hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir. Azərbaycan Slovakiya münasibətlərinin inkişafı hər iki ölkə üçün əhəmiyyətlidir.
Göründüyü kimi, Azərbaycan-Slovakiya əlaqələri artıq strateji əməkdaşlıq mərhələsinə yüksəlib. Dövlətlərarası münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, uğurlu əməkdaşlıq üçün müstəsnadır. Əminliklə demək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.