Şanlı antiterror əməliyyatı xüsusi olaraq planlaşdırılmış əməliyyat idi

Gülnar Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor müavini
2020- ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan ordusu Qarabağı erməni işğalından azad etdi. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci il Azərbaycan Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı. Lakin imzalanan üçtərəfli bəyanatın şərtlərinə əməl olunmur, Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmır, əksinə, yeni mövqelər qurulur, silahlanma gücləndirilirdi.
Eyni zamanda silahlı insidentlərin davam etməsi vəziyyəti dözülməz həddə gətirirdi. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabr ayında sərhəddə baş vermişdir. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin Qarabağda törətdikləri terror aktı Azərbaycana qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı idi. Bununla bağlı məlumat yayan Müdafiə Nazirliyi bildirdi ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə silahların tətbiqi ilə sıradan çıxarıldı.
Şanlı antiterror əməliyyatı xüsusi olaraq planlaşdırılmış bir əməliyyat idi. Məqsəd mülki əhaliyə və infrastruktura ziyan yetirmədən qarşıya qoyulan hədəflərə nail olmaq idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun yeni bir tarixi uğuru ilə sona çatan lokal xarakterli antiterror əməliyyatının nəticələrini belə dəyərləndirdi.
“Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, beləliklə biz tarixi ədaləti bərpa etdik.
20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki 8 Noyabr” .