Sabit inkişafı təmin edən hüquqi baza
Günay Bağırova-Babazadə
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 140 saylı tam orta məktəbin psixoloqu
Sabit inkişafı təmin edən hüquqi baza dedikdə, sosial, iqtisadi və ekoloji sahələrdə davamlı inkişafı dəstəkləmək və təmin etmək üçün yaradılan qanunvericilik sistemi nəzərdə tutulur. Bu hüquqi baza ölkənin inkişaf strategiyasını və beynəlxalq öhdəliklərini nəzərə alaraq qurulur. Əsasən, aşağıdakı elementlər sabit inkişafı təmin edən hüquqi bazanın tərkib hissəsidir:
Konstitusiya əsasları:
Bir çox ölkənin konstitusiyasında ətraf mühitin qorunması, iqtisadi sabitlik və sosial ədalət prinsipləri təsbit olunur. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasında ətraf mühitin qorunması və insanların sağlam həyat hüququ ilə bağlı müddəalar mövcuddur.
Davamlı inkişaf qanunları:
Ətraf mühitin qorunması, təbii resurslardan dayanıqlı istifadə və iqlim dəyişikliklərinə qarşı tədbirləri tənzimləyən qanunlar qəbul edilir. Misal: “Ətraf Mühitin Mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər ilk növbədə demokratik dəyərlərin maksimum səviyyədə təminatından asılıdır. İnkişaf etmiş dövlətlərin təcrübəsi də təsdiqləyir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə demokratikləşmə prosesinin sürətləndirilməsi, dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulması, sosial ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin, dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir.
Müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının hazırlanaraq qəbul edilməsi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindəndir. Yeni Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi şəxsiyyət Heydər Əliyev Komissiyanın 1995-ci il avqustun 16-da keçirilən iclasında çıxışı zamanı qeyd etmişdir ki: "Bu gün mən tam qətiyyətlə deyirəm və bütün dünyaya bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün Azərbaycan Respublikasını öz tutduğu yol ilə - demokratiya yolu ilə aparmaq üçün biz ciddi iş görmüşük, böyük addım atmışıq və bununla da müstəqil dövlətimizin hansı yolla getdiyini dünyaya bir daha sübut edirik".
Ümummilli liderimizin rəhbərliyi ilə 6 ay müddətində hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi önə çıxarmışdır. Beş bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyanın 48 maddəsinin sırf insan və vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirməsi Ulu öndərimiz Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təcəssüm etdirir. Konstitusiyada əksini tapmış bu strateji məqsədlər, ilk növbədə, hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam və əhatəli şəkildə təsbit olunmuşdur.
Təsadüfi deyil ki, Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
Azərbaycan Konstitusiyası dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı əsas niyyətlər kimi bəyan etmişdir. Konstitusiyada qeyd olunur ki, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli sosial və iqtisadi qaydalar əsasında hər bir vətəndaşın layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə əsaslanaraq bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq Azərbaycan dövlətinin ali məqsədləridir.
Müstəqil dövlətin ilk Konstitusiyasının qəbulu ölkənin inkişafında tamamilə yeni mərhələnin başlanğıcının qoyulmasının göstəricisi idi. Bu mərhələ öz növbəsində siyasi sistemin mərkəzində insan hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideyalarının olması ilə səciyyələnir. Müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunda müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən dəyərlər geniş şəkildə əks olunmuşdur.
Belə ki, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquq və azadlıqlarının effektiv müdafiə mexanizmlərinin mövcudluğu, hakimiyyət bölgüsünün təmin edilməsi, sosial ədalətə nail olmaq, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması kimi və digər mühüm müddəalar Konstitusiyada öz əksini tapmışdır.