Azərbaycanın NATO ilə tərəfdaşlığı uğurla davam edir
Nailə Sadıqova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin direktor müavini
Azərbaycan və NATO arasında olan ikitərəfli əlaqələr. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir. Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edildi. 4 may 1994-cü il tarixində Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir.
Müdafiə Nazirliyi bu mexanizmlərdən faydalanaraq, strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədris prosesində müasir standartların tətbiqi, Sülhməramlı Qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, “sahib ölkə dəstəyi” və hava məkanına nəzarət sahələrində müvafiq islahatlar çərçivəsində fəaliyyətlərini həyata keçirir.Azərbaycan 2002-ci ilin noyabrında NATO PA-nın qərarı ilə assosiativ üzv oldu və 2004-cü ilin martında NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşuldu. 28 iyun 2004-cü ildə İstanbul Zirvəsində Qafqaz bölgəsi müzakirə edildi və üzv dövlətlər Qafqaz və Orta Asiya üzrə nümayəndə vəzifəsi yaratmaq qərarına gəldilər. Sentyabrın 15-də NATO baş katibinin Qafqaz üzrə ilk xüsusi nümayəndəsi təyin edildi.
Azərbaycan 15 noyabr 2002-ci ildə Əfqanıstanda ISAF əməliyyatını dəstəkləmək üçün 22 hərbçidən ibarət bir hərbi birlik göndərdi. Azərbaycan Milli Məclisinin 2 oktyabr 2008-ci ildə qəbul etdiyi qərara əsasən, birliklərin sayı iki dəfə artırıldı. 2009-cu ilin fevral ayından etibarən 90 nəfər Azərbaycan şəxsi heyəti ISAF-ın rəhbərlik etdiyi Türkiyə birliyində xidmət edirdi. Azərbaycanlı birliklər Kabildə yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi sursat anbarının təhlükəsizliyini və patrul xidmətini yerinə yetirirdilər.
Cənab İlham Əliyevin səlahiyyətləri dövründə NATO ilə Azərbaycan arasında əməkdaşlıq 2004-cü ildə Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğu üçün genişləndirildi. Prezident, 17 sentyabr 2004-cü ildə FTP sənədində göstərilən təhlükəsizlik sektorunda islahatlar həyata keçirmək məqsədi ilə Azərbaycanın Milli Təhlükəsizlik Siyasəti üzrə İşçi Qrupunun yaradılması haqqında fərman imzaladı.NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” elmin inkişafı və yeniliklərin tətbiqi yolu ilə NATO və Tərəfdaşlar arasında əməkdaşlıq və dialoqun genişləndirilməsinə, qarşılıqlı təhlükəsizlik problemlərinin həllinə, bilik mübadiləsinə, eləcə də tədqiqatların aparılması və innovasiyaların tətbiqi üçün mühüm bir vasitədir. Müdafiə Nazirliyi qeyd olunan proqram çərçivəsində bir neçə uğurlu layihələrə artıq imza atmışdır.
Prezident cənab İlham Əliyevin cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqlə görüş əsnasında enerji təhlükəsizliyi sahəsində Azərbaycanın bir sıra NATO müttəfiqləri ilə sıx əlaqələrini alqışlaması münasibətlərin müxtəlif sahələrdəki məqsədini göstərdi. Azərbaycanın qapalı formatda Fransa başda olmaqla NATO dövlətləri tərəfindən Ermənistana yardımdan narahatlığını son görüşdə ortaya qoyması və bunun aradan qaldırılmasının zəruriliyini vurğulaması real arqumentlərdəndir. Azərbaycan NATO ilə əlaqələrini Türkiyə vasitəsilə də inkişaf etdirir. Belə ki, Azərbaycan NATO üzvü olan qardaş ölkənin de-fakto təhlükəsizlik zəmanətindən də faydalanır, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini, onları NATO standartlarına yaxınlaşdırmağı hədəfləyir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hətta 2021-ci il iyunun 15-də imzalanmış ikitərəfli Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanda Türkiyə hərbi bazasının yaradıla biləcəyini açıqlamışdı. Bu da NATO ölkəsi Türkiyə ilə əməkdaşlığın genişlənməsinin güclü göstəricisidir.2022-ci ildə NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi Atlantik Alyansının nümayəndə heyəti Azərbaycanın hərbi obyektlərinə baş çəkib və “NATO ilə tərəfdaşlıq nəticəsində əldə edilən əməliyyat imkanlarında irəliləyişi” yüksək qiymətləndirib.