Cənab Prezidentin başçılığı ilə düşmənə “Dəmir yumruq” zərbəsi endirildi

Cənab Prezidentin başçılığı ilə düşmənə “Dəmir yumruq” zərbəsi endirildi
Bəhruz Cabbarov
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Bakı şəhəri 196 nömrəli tam orta məktəbin tarix müəllimi
Bildiyimiz kimi 30 illik işğal həsrətinə 2020-ci ildə 44 günlük müharibədə son qoyuldu. Cənab Prezidentin başçılığı ilə düşmənə “Dəmir yumruq” zərbəsi endirildi. 10 noyabr 2020-ci il tarixində Ermənistan kapitulyasiya aktına imza atdı. Lakin mənfur düşmənimiz 30 il ərzində Qarabağda daşı daş üstündə qoymamışdı. Bu dağılmış diyarın yenidən bərpa olunması üçün Ali Baş Komandanımız 16.11.2022-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramını” təsdiq etmişdir. Bu proqrama uyğun olaraq 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Xocavənd, Xocalı, Ağdam, Şuşa, Füzuli, Tərtər, Ağcəbədi və Bərdə rayonları daxil edilib.
O cümlədən, yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonu da işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını əhatə edir. Bu dövlət proqramı verilərkən BMT-nin “Yoxsulluğun azaldılması, böhranın qarşısının alınması və bərpası, ətraf-mühit və enerji təhlükəsizliyi, demokratik idarəetmə” kimi baza prinsipləri nəzərə alınmışdır. Regionun institusional mexanizminin təşkili üçün Azərbaycan Respublikasının Prezidenti 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı ilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə yerli idarəetməni təşkil etmək üçün müvəqqəti komendantlıqlar və Prezidentin xüsusi nümayəndəlikləri formalaşmışdır. Beynəlxalq platformalarda Ermənistan hökumətində edilən çağırışlara baxmayaraq, hələ də riyakar düşmənimiz minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil vermir. Qarabağda fəaliyyət göstərən dövlət qurumlarının təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Minatəmizləmə Agentliyi olan ANAMA dayanmadan regionda fəaliyyət göstərir.
5G texnologiyası üzrə ilkin olaraq “Smart city” (Ağıllı şəhər) və “Smart village” (Ağıllı kənd) layihələri həyata keçiriləcəkdir. “Ağıllı kənd” pilot layihəsi ilk olaraq Zəngilanın 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edir. Cənab Prezident 2021-ci il 28 aprel tarixində Zəngilanda “Ağıllı kənd” layihəsinin əsasını qoymuşdur.
Qarabağın “yaşıl enerji zonasına” çevrilməsi çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanmışdır. Müqavilə işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpaolunan enerji potensialından istifadə etməyi nəzərdə tutur. Dövlət proqramında Qarabağın təbii yeraltı və yerüstü ehtiyatlarından səmərəli istifadəsi də nəzərdə tutulmuşdur. Lakin Rusiya sülhməramlı kontingentinin nəzarət zonasında Qarabağın qızıl ehtiyatlarının qanunsuz talan olunması həyata keçirilir. Buna etiraz olaraq dekabr ayı ərzində Şuşa-Xankəndi yolunda Azərbaycanlıların haqlı aksiyası keçirilir.
Əhalinin sosial xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə “Asan Xidmət” və “Dost” mərkəzləri fəaliyyətə başlayıb. “Asan-Akademiya-Qarabağ” layihəsi həyata keçirilib. 4 ay davam edən layihə çərçivəsində insan resurslarının idarə edilməsi, innovasiya və sosial-media marketinqi üzrə proqramı reallaşdırmaq üçün Zəngilan rayonuna səfər təşkil olunub.
Qarabağın turizm potensialını inkişaf etdirmək üçün “Qafqaz Albaniyası turizm marşrutu” adlı layihə hazırlanıb. Alban mədəniyyəti marşrutu Azərbaycanın 3 əsas dəhlizini - Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və Qarabağı əhatə edir. Kəlbəcərdə “İstisu” qış turizminin inkişafında böyük potensiala malikdir. Qısa bir müddət ərzində Şuşada “Qarabağ” və “Xarıbülbül” otelləri istifadəyə verildi. Xocavənd rayonu da xüsusi turizm potensialına malikdir. Tuğ və Hadrut şərabçılıq turizmi üçün daha perspektivlidir.
Əhalinin məşğulluğu və sosial rifahının yaxşılaşdırılması üçün Dövlət Məşğulluq Xidməti Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa və Xocavənd rayonları üzrə iş vakansiyaları təşkil etmişdir. Kənd təsərrüfatı və biznesin inkişafı üçün azad olunmuş rayonlarda ciddi güzəştlər tətbiq olunur. Ağdam sənaye parkı və Araz vadisi sənaye parkında sahibkarlara bir sıra vergi güzəştləri ediləcək. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Zəngilanda “Dost-Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılışı həyata keçirilib.
Qarabağda yerüstü və hava nəqliyyatı da durmadan inkişaf edir. Füzuli hava limanı artıq fəaliyyətə başlayıb. Həmçinin Zəngilan və Laçın hava limanlarının da yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Qarabağda 101 km-lik Zəfər yolu, Füzuli-Hadrut yolu, Kəlbəcər-Laçın yolu kimi digər avtomobil yolları çəkilir.
Mədəniyyət sahəsində də böyük işlər görüldü. “Vaqif poeziya günləri”, “Xarıbülbül musiqi festivalı” bərpa olundu. Cənab Prezidentin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri bərpa edilmişdir.
Ümumilli Lider Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” tarixi ifadəsini işlətmişdir. Ali Baş Komandanımız Ümumilli Liderin vəsiyyətini yerinə yetirərək Şuşanı və Qarabağı işğaldan azad etdi. Vəhşi qonşularımız tərəfindən dağıdılmış Qarabağ artıq Cənab Prezidentin rəhbərliyi ilə çiçəklənən və inkişaf edən diyara çevrilir!