20 Yanvar hadisəsi milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biridir

20 Yanvar hadisəsi milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biridir

Aynurə Əliyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 279 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi

Xalqımız 20 yanvar 1990-cı ildə hərbi, siyasi, mənəvi təcavüzə məruz qalmışdır, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirmişdir.

XX yüzillik Azərbaycan xalqının tarixinə ən qanlı hadisələrlə yadda qalmışdır. Müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və  qəhrəmanlıq, milli oyanış kimi də daxil oldu. Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq  kimi həkk olunan 20 Yanvar milli kimliyimizi dünyaya tanıdan gün oldu.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə uzun illər Sovet imperiyasının əsarətində olan  xalqımız azadlıq səsini ucaltdığı, cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar qırğını Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin Sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə
Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı.

Uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, mümkünsüzdür.

Bugün 34 ili arxada qoyan Qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları verilən yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşilən bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər birimizi qürurlandırır.

20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biridir. Bu qanlı gecədən başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxtda matəmelan olundu. Respublikada 3 gün matəm elan olundu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu,  Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.

Xalqımız bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar faciəsinin 30 illiyinin qeyd olunması haqqında imzaladığı Sərəncam bunun əyani sübutudur.

Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olan yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.