Qütbləşmiş dünyada zəruri əməkdaşlıq istiqamətləri

Qütbləşmiş dünyada zəruri əməkdaşlıq istiqamətləri

Günay Bağırova-Babazadə

 YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 140 saylı tam orta məktəbin psixoloqu

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Bu amillər Azərbaycanın milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi üçün ilkin əlverişli zəmin yaradır. Lakin mövcud ilkin potensialı və əlverişli zəmini reallaşdırmaq, onlardan maksimum bəhrələnmək üçün beynəlxalq aləmdə cərəyan edən proseslərin ciddi araşdırmaq, Azərbaycanın maraqlarına uyğun düşünülmüş, hərtərəfli əsaslandırılmış və bütün incəlikləri nəzərə alan addımların atılmasını təmin etmək lazımdır.

Müasir dövrdə stratej inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan keçmiş ümumbəşəri dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.

Bu gün dünyada böyük diqqətlə izlənilən, çox sayda qonağın iştirakı ilə həyata keçirilən ən mötəbər tədbirlərdən biri Davos Forumudur. Forum 130 ölkədən 2700 tanınmış şəxsin, eyni zamanda 52 dövlət, hökumət başçısının iştirakı ilə baş tutmuşdur. Bununla yanaşı, forum müxtəlif vacib görüşlərin keçirilməsi üçün münbit şərait yaradır. Prezident İlham Əliyevin Davos Forumundakı iştirakı yüksək səviyyəli görüşlərlə yadda qaldı. Bu həm Prezident İlham Əliyevin şəxsiyyətinə marağın, həm də onun nüfuzunun və ona olan rəğbətin göstəricisidir. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır

Cənab Prezident Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb. Prezident İlham Əliyev xarici siyasət sahəsində qarşıda duran prioritet vəzifələri diqqətə çatdırmış, qarşıda yeni vəzifələr qoymuşdur: "Azərbaycan bu gün tam müstəqil siyasət aparan ölkədir və bu, bizim üçün ən böyük nemətdir. Yəni bu sahədə də müsbət imkanlar var. Biz bu gözəl imkanlardan səmərəli istifadə etməliyik. Çünki Azərbaycanın artan önəmi, iqtisadi potensialı, uğurlu xarici siyasəti, böyük dövlətlərlə olan strateji əməkdaşlığımız - bütün bunlar ölkəmiz üçün çox gözəl perspektivlər açır. Azərbaycan haqqında həqiqətləri dünya birliyinə çatdırmaq çox önəmlidir".Ənənəvi iqtisadi əməkdaşlıq daha çox çevik və optimal olan və yeni çağırışlara cavab verə bilən iqtisadi münasibətlər sistemi ilə əvəzlənib.

Əvvəlki Forumlardan fərqli olaraq builki Forumda Azərbaycanın iştirakı vacib və daha əhəmiyyətlidir. İkinci Qarabağ müharibəsində əldə edilən Qələbədən sonra Azərbaycan bölgədə yeni siyasi və eyni zamanda, iqtisadi reallıq yaradıb. Qarabağ iqtisadi rayonunda yeni iqtisadi modellərin yaradılması demək olar ki, dünyanın bir sıra iqtisadi mərkəzlərinin diqqətini cəlb edə bilib.

Davos İqtisadi Forumu bütün iştirakçılar, xüsusilə də Azərbaycan üçün ölkəmizdə baş verən hadisələrin mahiyyətinin doğru-düzgün təqdimatı baxımından həm də böyük siyasi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bəzi erməni politoloqlar hökumət başçısı Paşinyanın Davos Forumunda iştirak etməməsini Azərbaycanla rəqabətdə növbəti məğlubiyyət kimi qiymətləndirirlər. Builki Davos Forumunda Ermənistan təmsil olunmasa da, onun bölgədə apardığı destruktiv siyasət tədbir çərçivəsində keçirilən və Prezident Əliyevin iştirak etdiyi müxtəlif iclaslarda obyektiv qiymətini aldı. Son bir ayda Laçın–Xankəndi yolunda ekofəalların keçirdikləri dinc etiraz aksiyası ilə bağlı Ermənistanın bütün beynəlxalq platformalarda Azərbaycana qarşı apardığı yalan və böhtan kampaniyası Prezident İlham Əliyev tərəfindən ifşa olundu. Davos Forumunun ölkəmiz üçün əhəmiyyəti bununla məhdudlaşmır. Forum çərçivəsində dövlətimizin başçısı bir sıra transmilli şirkətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlər keçirdi.

Politoloqların rəylərinə əsasən “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası, yeni yaşıl enerji mənbələrinin qurulması, müasir tendensiyalara uyğun idarəetmə prinsiplərinin tətbiqi və liberal iqtisadi qanunvericiliyin implementasiyası kimi vacib elementlər Azərbaycanın bu Forumda zəruri tərəfdaş qismində iştirakını təmin edir. Son iki il ərzində Azərbaycan tərəfindən həyata keçirilən enerji diplomatiyası isə Azərbaycanın regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş olmasını bir daha sübut etdi. Bu, eyni zamanda, Azərbaycan üçün siyasi dividendlərin əldə edilməsinə yönəlmiş xarici siyasət kursudur.

Yüksək səviyyəli görüşlərin və müzakirələrin keçirilməsi əlbəttə ki, Azərbaycana olan maraqdan irəli gəlir. Forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının, inkişafının, onun dünya miqyasında əhəmiyyətinin göstəricisi olduğunu isbatlayır. Artıq bütün dünya bilir ki, Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir.