Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir

Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir

Vüsalə Qasımova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikası Cənub - Şərqi Avropa ölkələri ilə əlaqələr qurmağa başladı. Bu ölkələrlə əlaqələrin qurulmasına bir sıra amillər təsir edirdi. Uzun illər boyu sosializm sisteminin mövcud olduğu həmin ölkələr əlverişli coğrafi , strateji məkanda yerləşirdilər.

Sosializm sistemi dağıldıqdan sonra bu məkan Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarlarına çıxarılmasında böyük potensiala malik idi. Azərbaycan Respublikası Cənub - Şərqi Avropa ölkələri üçün də əhəmiyyət kəsb edirdi . Əlverişli coğrafi - siyasi mövqedə yerləşməsi Azərbaycanın əhəmiyyətini həmin ölkələr üçün artırırdı. Bolqarıstan Azərbaycanın müstəqilliyini 1992 - ci ildən tanımış və hər iki ölkə arasında rəsmi diplomatik əlaqələr yaradılmışdır.

Azərbaycan və Bolqarıstan dövlətləri arasında ikitərəfli əlaqələrin qurulması və inkişafı sahəsində ən mühüm addım Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin 1995 - ci il iyunun 29 - da bu ölkəyə rəsmi səfəri zamanı atılmışdır.

Səfər zamanı Heydər Əliyevlə görüşən Bolqarıstan Prezidenti Jelyu Jelev bildirmişdir ki, onun ölkəsi yeni müstəqillik qazanmış Azərbaycan ilə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə xüsusi maraq göstərir və Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin möhkəmləndirilməsi üçün istər iqtisadi - ticarət , istərsə də mədəniyyət və digər sahələrdə mövcud olan geniş imkanlardan hərtərəfli istifadə olunmalıdır .

Sevindirici haldır ki, iki ölkə arasında əlaqələr bü gündə yüksələn xətlə inkişaf etməkdə və uğurlara imza atmaqdadır. Hər iki dövlət beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq əlaqələrini uğurla inkişaf etdirməkdədir. Bütün bunlar ölkəmizin Prezidenti, Ali Baş Komandan cənab  İlham Əliyevin xarici siyasətdə əldə etdiyi uğurların nəticəsidir.

Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında mövcud olan əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaqdır.