Nailə Sadıqova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu,275 nömrəlli tam orta məktəbin direktor müavini
2025-ci il 21 may tarixində Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının birliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edərək mühüm çıxışla yadda qaldı. Prezidentin çıxışı həm regional əməkdaşlıq, həm də ortaq tarixi, mədəni və geosiyasi maraqlar fonunda Türk dövlətləri arasında birliyin daha da gücləndirilməsinə çağırış kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev çıxışında ilk olaraq, Türk Dövlətləri Təşkilatının getdikcə artan nüfuzuna diqqət çəkdi. O, təşkilatın qlobal səviyyədə güclənməsini və üzv dövlətlər arasında sıx əməkdaşlığın artmasını məmnunluqla vurğuladı. Azərbaycan Prezidenti qeyd etdi ki, bu gün Türk dövlətləri həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə bir-birinə daha yaxın olmaqla, ortaq dəyərləri və məqsədləri paylaşır. İlham Əliyev, eyni zamanda, Azərbaycanın Türk dünyasında oynadığı rola da toxundu. O bildirdi ki, Azərbaycan daim Türk birliyinə sadiqliyini nümayiş etdirir və bu istiqamətdə konkret təşəbbüslərlə çıxış edir. Zəngəzur dəhlizi layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional kommunikasiyalar Türk dünyasını birləşdirən əsas infrastruktur layihələri kimi təqdim olundu. Prezident çıxışında Qarabağda Azərbaycanın suverenliyinin tam bərqərar olunmasından sonra bölgədə yaranan yeni reallıqlardan da danışdı. İlham Əliyev bildirdi ki, Azərbaycan regionda sülh və əməkdaşlıq tərəfdarıdır, lakin bu, yalnız ölkələrin ərazi bütövlüyü və suverenliyi əsasında mümkündür. İlham Əliyev çıxışında Türk xalqları arasında mədəni və tarixi bağların əhəmiyyətini xüsusi vurğuladı. O, bu baxımdan ortaq dil, ədəbiyyat, incəsənət və adət-ənənələrin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün birgə səylərin artırılmasının vacibliyinə toxundu.
Azərbaycan Prezidenti qeyd etdi ki, Türk dövlətləri bir-birini dəstəkləyərək həm regional, həm də qlobal səviyyədə daha güclü və nüfuzlu aktorlara çevrilə bilər. O, enerji, nəqliyyat, ticarət və texnologiya sahələrində birgə layihələrin təşviq olunmasının əhəmiyyətini vurğuladı.Prezident İlham Əliyevin Budapeştdəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan Türk dünyasında birliyin möhkəmləndirilməsinə, ortaq maraqlara əsaslanan əməkdaşlığın inkişafına sadiqdir. Bu çıxış, həm də Azərbaycanın beynəlxalq münasibətlərdəki aktiv və prinsipial mövqeyinin, regional liderlik səylərinin bariz göstəricisi oldu.
Budapeştdə keçirilən Zirvə görüşündə Prezident İlham Əliyev çıxışının önəmli hissəsini nəqliyyat sahəsində Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinə həsr etdi. Dövlət başçısı bildirdi ki, nəqliyyat infrastrukturu Türk dünyasını birləşdirən əsas sütunlardan biridir və bu sahədə koordinasiyalı əməkdaşlıq regionun inteqrasiyası üçün həlledici əhəmiyyət daşıyır. Prezident qeyd etdi ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi və bu dəhlizin gələcəkdə Mərkəzi Asiya ölkələri ilə birləşdirilməsi imkanları Türk dövlətləri arasında fiziki əlaqələrin möhkəmləndirilməsi baxımından vacibdir. İlham Əliyev, həmçinin, Zəngəzur dəhlizinin açılması perspektivini vurğulayaraq bildirdi ki, bu dəhliz yalnız Azərbaycan üçün deyil, ümumilikdə Türk dünyası üçün yeni logistik imkanlar yaradır. O bildirdi ki, türk dövlətlərinin Avrasiya məkanında bir-biri ilə birləşdirilməsi təkcə iqtisadi baxımdan deyil, həm də strateji baxımdan vacibdir. “Biz nəqliyyat imkanlarımızı birləşdirərək güclü logistik şəbəkə yarada bilərik. Bu, təkcə ölkələrimizi deyil, xalqlarımızı da yaxınlaşdıracaq,” – deyə Prezident vurğuladı.Bu istiqamətdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və digər üzv dövlətlərlə həyata keçirilən layihələr xüsusi qeyd olundu. İlham Əliyev, həmçinin, Macarıstanın Türk dünyası ilə nəqliyyat və logistika sahəsində əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini bildirdi və bu sahədə əməkdaşlığın genişləndirilməsinə dəstək verdiyini bəyan etdi.
Türk Dövlətləri Təşkilatının Budapeştdəki Zirvə görüşü, eyni zamanda, Türk birliyinin coğrafi sərhədləri aşaraq daha geniş miqyasda təsir gücünə malik olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı bu birliyin əsas sütunlarından biri olan Azərbaycanın sarsılmaz mövqeyini bir daha ortaya qoydu.