Qubadlı əməliyyatı Laçın dəhlizinə və Gorus-Qafan yoluna nəzarəti ələ almağa imkan verdi

Qubadlı əməliyyatı Laçın dəhlizinə və Gorus-Qafan yoluna nəzarəti ələ almağa imkan verdi

Südabə Yaqubova 

Suraxanı Tibb Mərkəzinin direktor müavini

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Vətən müharibəsinin 29-cu günündə şanlı Azərbaycan Ordusu üçrəngli Bayrağımızı işğaldan azad edilən Qubadlı şəhərində dalğalandırdı. Həmin tarixi Qələbənin üçüncü ilində Qubadlı şəhərinin azad olunmasına aparan yolu bir daha xatırlayaq.

44 günlük Zəfər yürüşü zamanı Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidə yerləşən Qubadlıya gedən yolun açılmasına əlverişli imkan yaratdı. Qubadlı şəhəri oktyabrın 25-də işğalçı qüvvələrin mühasirəyə salınması ilə azad edilib. Qubadlının şərqindəki Cəbrayılda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubdakı Zəngilanda aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratmışdı. Peşəkarlıqla və dəqiq döyüş taktikaları ilə aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və kəndləri işğaldan azad edilib.

Qubadlı döyüşlərinin ən gərgin getdiyi yerlərdən biri də məhz Yazı düzü yüksəkliyi olub. Hündürlükdəki ərazidə döyüş əməliyyatları məhz həmin hissədə aparılıb. Strateji mövqedəki bu yüksəkliyin digər xüsusiyyəti isə Milli Qəhrəman polkovnik Şükür Həmidovun burada şəhadətə ucalmasıdır. Şükür Həmidov bu mövqe uğrunda gedən gərgin döyüşlərdə düşmənlə mübarizə aparıb. Hazırda həmin yerdə Milli Qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılıb, şanlı Bayrağımız dalğalanır.

Bölmələrimiz Yazı düzünə Cəbrayıl rayonu istiqamətindən yarğanlar vasitəsilə irəliləyib və düşmənin 21 səngərini nəzarətə götürməklə, həm də Qubadlı şəhərinə nəzarəti ələ keçirib. Digər bölmələrimiz isə Zəngilan istiqamətindən irəliləyərək Qubadlı rayonu və ətraf kəndləri işğaldan azad ediblər. Oktyabrın 23-də həmin hərbi əməliyyatlar nəticəsində əvvəlcə Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlı kəndləri ordumuzun nəzarətinə keçmişdi. Cəmi iki gün sonra – oktyabrın 25-də isə Qubadlı şəhəri, Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli və Xanlıq kəndləri işğalçılardan təmizlənib.

Düşmənin cəmləşdiyi Qubadlı şəhərinə iki istiqamətdən hücum olub. Bölmələrimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilən döyüş tapşırığı nəticəsində əvvəlcə şəhər ətrafında yüksəkliklər, sonra şəhər işğalçılardan təmizlənib. Qubadlı əməliyyatı həm də Laçın dəhlizinə, eyni zamanda, Gorus-Qafan yoluna nəzarəti ələ almağa imkan verdi. Çünki Laçın dəhlizi düşmənin təminat yolu sayılırdı və erməni hərbi birləşmələri də bilirdi ki, Qubadlı strateji mövqedə yerləşir. Onların orada çox möhkəmlənməsinə baxmayaraq, Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırığını ruh yüksəkliyi ilə yerinə yetirib, Qubadlını azad etməklə, həm də Laçına gedən yolu açıb və düşmənin əsas dayaq məntəqələrini məhv edib.