Gülnar Həsənova
YAP Suraxanı rayon təşkilatının üzvü
Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın müəllimi
Mənfur düşmənimiz Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad edildi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Müzəffər Azərbaycan Ordusunun Qubadlı şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad etməsi tarixi ilə bağlıdır. Vətən müharibəsinin 29-cu günündə şanlı Azərbaycan Ordusu üçrəngli bayrağımızı işğaldan azad edilən Qubadlı şəhərində dalğalandırdı. 44 günlük Zəfər yürüşü zamanı Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidə yerləşən Qubadlıya gedən yolun açılmasına əlverişli imkan yaratdı.
Əzmkarlıqla aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və kəndləri işğaldan azad edildi Qubadlı döyüşlərinin ən gərgin getdiyi yerlərdən biri də məhz Yazı düzü yüksəkliyi olub.Bu mövqedə gedən döyüşlərdə qəhrəman polkovnik Şükür Həmidov şəhidlik zirvəsinə ucalır.
Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Qubadlı rayonu qərbdən Ermənistan, şimaldan Laçın, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan Zəngilan rayonları ilə həmsərhəddir. Qubadlı rayonu dəfələrlə işğalçı ermənilərin hücumlarına məruz qalıb. Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə zülm edilib. Bütün bunlara baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar.
İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün unikal flora və faunası ilə seçilən əzəmətli təbiət guşələri dağıdılıb və məhv edilib.
Bu gün Qubadlı özünün yeni inkişaf dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 4 dəfə Qubadlı rayonuna səfər etmiş və 23 dekabr 2020-ci il tarixdə ilk səfəri zamanı Dövlət Bayrağını şəhər ərazisində ucaltmışdır. Ölkə başçısı 25 oktyabr 2021- ci il tarixdə növbəti səfəri zamanı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etmiş,həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.