Qoca Şərqin qapısı Azərbaycan Mərkəzi Asiyanın üçün Avropaya açılan pəncərə rolunu oynayır
Şəlalə Əsgərova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi dövrdən etibarən Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Soykökü etibarilə qardaş olan xalqların regional birlik nümayiş etdirməsi mədəni-siyasi,iqtisadi,tarixi zərurətdən irəli gəlir. Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Qoca Şərqin qapısı olan Azərbaycan, Mərkəzi Asiyanın inkişaf etməkdə olan dövlətləri üçün Avropaya açılan pəncərə rolunu oynayır.
Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Təkcə 2022-ci ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya regionu ölkələrinə yeddi səfəri və Tacikistanda baş tutan son görüş bu ölkələr arasındakı münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir.
Azərbaycanın türk dövlətləri ilə genişlənən əlaqələri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə”, ”Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi” və Qazaxıstanla imzaladığı “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”də öz əksini tapır.
Yeni investisya layihələrinin reallaşdırılması və iş yerlərinin yaradılması məqsədilə 500 milyon ABŞ dolları nizamnamə kapitalına malik “Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş” təsdiq edilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda 960 şagird yerlik məktəbin tikintisi də dostluq nümunəsidir. İşğaldan azad edilmiş torpaqlarımızın yüksək investisiya cəlbediciliyi də sosial-iqtisadi addımların təsir dairəsini genişləndirir.
Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərinin zənginliyi və müxtəlifliyi, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm sahələri iqtisadi inteqrasiya üçün əhəmiyyətli potensiala malikdir. Azərbaycanın Zəngəzur dəhlizinin açılması yolunda həyata keçirdiyi siyasət və infrastruktur-quruculuq işləri Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışı üçün ən optimal imkandır. Yaradılan iqtisadi-strateji əməkdaşlıq fonunda Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılan Ələt Azad İqtisadi Zonasına marağı artır,buna paralel olaraq Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədi ilə Bakı-Tbilisi-Qars dəmir yolu müasirləşdirilir, Bakı Ticarət Limanının imkanları artırılır. Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malik Azərbaycan Asiyadan yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarını genişləndirməyə çalışır.
Türk Dövlətləri Təşkilatı hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə “Türk Dövlətləri Təşkilatı hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişlər təsdiq olunub.
Gömrük dəhlizinin reallaşdırılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhlizin də əhəmiyyətini artırır. Azərbaycan və Türkiyə liderlərinin qətiyyəti sayəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” boru kəməri 16 ildir fasiləsiz olaraq Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına çatdırır. Əsasını TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.
Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı Məşvərət Görüşünün fəaliyyətinə, o cümlədən Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın güclənməsinə öz töhfəsini verməklə yanaşı göstərdi ki, Azərbaycan Respublikası və Prezidenti müttəfiqləri üçün öz iradəsi, qətiyyəti və səmimiyyəti ilə etibarlı tərəfdaşdır.