Qanlı Yanvar faciəsindən sonra ölkənin müstəqilliyinin dönməzliyi birmənalı şəkildə dərk olunub

Qanlı Yanvar faciəsindən sonra ölkənin müstəqilliyinin dönməzliyi birmənalı şəkildə dərk olunub

Röya İslamova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin direktoru

Qara Yanvar hadisələrindən 36 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

Mixail Qorbaçovun keçmiş SSRİ Mərkəzi Komitəsinin rəhbərliyinə gəlişindən sonra “yenidən qurma” adı altında siyasi proseslərə start verildi. 1985-ci ildə başlanmış bu proses 1988-ci ildə artıq elə bir sonluğa gətirib çıxartdı ki, SSRİ adlı rus imperiyasının dağılmasını labüd etdi. 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb.

Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. Düz 30 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli və ağrılı

günləri  unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir. 20 Yanvar və tariximizdə ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsrdə xalqımız əleyhinə yeridilən siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 

Bununla belə, Azərbaycan xalqıhər zaman olduğu kimi, öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. 20 Yanvar yalnız faciə kimi deyil, şərəf və qəhrəmanlıq günü kimi xatırlanır. Sovet imperiyası 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törətsə də, günahsız insanlar qətlə yetirilsə də xalqımızın azadlıq arzusunu boğa bilmədi. İyirmi Yanvar hadisələri milli iftixar hissinin və milli müstəqillik ideyalarının formalaşmasına tarixi şərait baxımından güclü zəmin yaradıb.

Qanlı Yanvar faciəsindən sonra ölkənin müstəqilliyinin dönməzliyi birmənalı şəkildə dərk olunub. 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Faciənin ertəsi günü – yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi.

Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.