Qalib xalqın, qalib övladları olmaq ikiqat sevincdir
Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri
Bəşəriyyət yaranandan xalqlar, millətlər olmuş və bu xalqların toplusu dövlətlərin yaranmasına səbəb olmuşdur. Zaman-zaman, hər dövrdə müəyyən dövlətlərin şəxsi maraqları toqquşanda və yaxud acgözlük, hərislik, xalqlar üzərindəki hakimiyyəti artırmaq, daha da böyük ərazilər əldə etmək həvəsi olan dövlətlər, zaman-zaman müharibələr etmiş və bu müharibələrin acı fəsadlarını isə sadə xalqlar çəkmişdir.
Tarixə nəzər salsaq, bütün müharibələrdə, nəticədə hər zaman, haqlı olan qalib gəlmişdir. Haqsızlar təsadüfdən qalib olmuş müharibələrdə isə görürük ki ,yenə də sonda ilahi ədalət təcəlli edərək, haqlı tərəf zəfər yaşayır.
Belə mühribələrdən biri də, 1941-1945-ci illərdə olan II Dünya Müharibəsidir. Qərbdə bu müharibə Sovet-Alman Müharibəsi, II Dünya Müharibəsində isə Şərq Cəbhəsi adları ilə adlanırdı. Bu müharibənin Sovet İttifaqı tərəfindən zəfər qazanmağının səbəblərində Azərbaycan xalqının da özünəməxsus yeri var.
Belə ki, bildiyimiz kimi faşist Almaniyasının, Sovet İttifaqına qarşı qurduğu planların, xüsusi ilə də “Barbarossa planının” baş tutmaması, 9 may günü Sovet İttifaqının faşist Almaniyası üzərində qələbəsi ilə nəticələndi. Bu qələbənin sevincindən, Sovet İttifaqının tərkibinə daxil olan, respublikalar kimi bizlərə də pay düşdü. Belə ki, həmin sözü gedən 1941-1945-ci illər Böyük Vətən Müharibəsində 600000 dən çox Azərbaycanlı iştirak etmişdi. Alman komandanlığı, xüsusilə Bakı neftinə fikir verirdi. Bu müharibə illərində, onların hədəfi əsas Bakını və onun neft-qaz sənayesini nəzarətə götürmək idi. II Dünya Müharibəsinin ilk günlərindən isə, Bakının bütün müəssisələri 12 saatlıq iş rejiminə keçərək, əzmlə çalışırdılar. Həmin illərdə Sovetlər dönəminin, bütün ölkələrindən fərqli olaraq, neftin 70% - i müharibə üçün məhz Azərbaycanda əldə olunurdu.
Artıq bu müharibənin başlanmasından, 82 il, əldə olunan qələbədən isə, bizləri 78 il ayırır. Bu illər ərzində müharibə dövründə itkilərimiz çox oldu, lakin Azərbaycan xalqı həmin bu müharibədə də, istər ön cəbhədə, istərsə də , arxa cəbhədə öz fədakarlığını nümayiş etdirərək, hər zaman aktivliyi ilə bir çox xalqlardan fərqləndi. Bu müharibədə mənim də, əmim və dayım həlak oldu və eyni zamanda digər əmim ilə dayım müharibənin qalibiyyətini yaşayıb sağ-salamat geri döndülər.
Uşaqlıq xatirələrimdə 9 May bayram günündə, mərhum Həsənağa dayımın fəxrlə dövlət tərəfindən ona verilən medallarını pencəyinin yaxasına taxaraq, bizə qonaq gəlməyi, hər zaman müharibənin dəhşətindən danışaraq, Sovet ordusunun tərkibində almanları Reyxstaqa qədər qovmaqlarını qürurla danışması gözümün önündən getmir.
Veteranlar haqqında, mərhum Ulu Öndər Heydər Əliyev də gözəl fikirlər söyləmişdir: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün içtimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya Müharibəsi veteranları, bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək, bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur.”
Hər il Prezidentimiz İlham Əliyev Cənabları tərəfindən 9 may bayramı ilə bağlı verdiyi sərəncamlar, dünyasını dəyişmiş müharibə veteranlarının xanımlarına verilən birdəfəlik müavinətlər və sağ qalmış müharibə veteranları ilə, 9 May günü, Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsi qarşısında görüşü və onların qayğıları ilə maraqlanmağı, hər zaman ölkə başçısının, öz vətəndaşına diqqət etməyinin bariz nümunəsidir. Belə veteranlar ildən-ilə azalıb, dünyalarını dəyişsələr də, qədirbilən Prezidentim və xalqımız heç zaman öz qəhrəmanlarını unutmur.
Qəhrəmanlar haqqında kinolar çəkilir, şerlər, povestlər yazılır, adlarının əbədiləşdirilməyindən ötrü, abidələr ucalır, Azərbaycanın, eləcə də Bakı şəhərinin küçələrinə, prospektlərinə, onların adları verilir. Bunlardan Mehdi Hüseynzadəni, Həzi Aslanovu, Ziya Bünyadovu, Qafur Məmmədovu, İsrafil Məmmədovu, Əvəz Verdiyevi, Vladimir Balandini və s. misal göstərmək olar. Azərbaycanın dəyərli oğulları ilə birlikdə, qiymətli neftinin bu müharibəyə verdiyi töhfələrə görə mərhum Ulu Öndər Heydər Əliyevin dediyi sözləri xatırlatmaq istərdim:” Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, II Dünya Müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə Alman faşizminə qalib gəlməsi mümkün olmazdı.”
Mən düşünürəm ki, müharibənin dəhşətini və əziyyətini yaşamaq nə qədər ağır olsa da, qalibiyyəti əldə etmək və o qalibiyyəti illər uzunu qoruyub saxlamaq və həmin günü bayram edərək illəri illərə calamaq ən azından bir əsrə yaxın müddəti bayram etmək qürurverici və şərəflidir. Qalib xalqın, qalib övladları olmaq isə, ikiqat sevincdir!